Bəhruz Şirəliyev: Haqqımız tapdalanır, bu, səhv yox, qərəzdir
08.02.2014 - 20:46
Bəhruz Şirəliyev: Haqqımız tapdalanır, bu, səhv yox, qərəzdir

 

“Hakimlərin idarəçiliyindən ciddi narazılığımız var. Referi Rauf Cabbarov eyni epizodları fərqli dəyərləndirdi, oyunboyu ancaq rəqibin lehinə qərarlar verdi”. Bu sözləri apasport.az saytına “Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

“Rəvan” bu gün Topaz Premyer Liqasının XX turu çərçivəsində “İnter”ə uduzub.

Matçda hesabı qonaqlar açsa da, meydan sahibləri tarazlığı bərpa edə biliblər. Lakin “bankirlər” oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə penalti qolu ilə qələbə qazanıblar.

Şirəliyev əməkdaşımızla söhbətində Rauf Cabbarov, Nahid Əliyev və Coşqun Həsənovdan ibarət hakimlər briqadasının qərəzli qərarlar qəbul etdiklərini söyləyib: “Oyun ərzində dəfələrlə haqqımız tapdalandı, hakimlərin yanlış qərarları ilə üzləşdik. Bunlara hardasa göz yummaq, səhv kimi qəbul etmək olardı. Lakin qarşılaşmanın əsas vaxtına əlavə olunmuş dəqiqədə qapımıza penalti təyin edilirsə, bu, səhv yox, qərəzdir. Həmin epizodda penaltidən söhbət gedə bilməzdi. Ancaq nədəsə Rauf Cabbarov 11 metrlik nöqtəni göstərdi və birbaşa matçın nəticəsini müəyyənləşdirdi. Bu, görüşün nəticəsinə təsir edən səhv yox, qərəzdir. Oyunun görüntülərini təhlil edirik. Rəsmi sayt vasitəsi ilə etirazımızı, narazı qaldığımız epizodları açıqlayacağıq”.