Benites gedir, Zidan gəlir?
19.11.2015 - 18:51
Benites gedir, Zidan gəlir?

“Real”da baş məşqçi dəyişikliyi gerçəkləşə bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu” rəhbərliyi baş məşqçi Rafael Benitesin işindən məmnun deyil.

 

Doğrudu, “Real” yayda klubun “sükan”ı arxasına keçən Beniteslə Çempionlar Liqasında uğurlu çıxış edir və İspaniya La Liqasında da liderlər qrupunda qərarlaşıb. Lakin ispaniyalı mütəxəssisin futbolçularla münasibəti və taktika seçimi rəhbərliyin ürəyincə deyil.

 

Klubun oyunçuları dəfələrlə ona hücum futbolu oynamaq istədiklərini bildiriblər. Hətta Kriştianu Ronaldo, Serxio Ramos və Qaret Beyl bu günlərdə yenidən baş məşqçi ilə görüşərək, “Barselona” ilə noyabrın 21-də keçiriləcək “El Klasiko”da müdafiə futbolu oynamaq istəmədiklərini deyiblər.

 

Madrid klubu isə nəticədən asılı olmayaraq, ən geci mövsümün sonunda Benitesi yola salıb, baş məşqçi postuna Zinəddin Zidanı gətirməyi planlaşdırır. Hətta Zidana indidən məşqçilər korpusunu formalaşdırmağa başlaması tapşırığı verildiyi də bildirilir.

 

Qeyd edək ki, Rafael Benites iki il “Napoli”ni çalışdırdıqdan sonra bu mövsümlərarası fasilədə “Real”ın “sükan”ı arxasına keçib.