[b]Bernhard Lippert: Mənim də xoşuma gəlmədi
09.03.2014 - 12:52
[b]Bernhard Lippert: Mənim də xoşuma gəlmədi

 

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippertin musahibəsi apasport.az saytına müsahibəsi.

 

- Moldova ilə oyun barəsində nə deyə bilərsiniz?

 

- Komandada böyük dəyişikliklər olub. Bir neçə oyunçumuz əsas yığmaya cəlb edilib. Ona görə də, nəticə baxımından ciddi heç nə gözləmirdim. Futbolçuların sona qədər vuruşmaları, bütün mövcud imkanlardan istifadə edilməsi, geniş oynamaları mənim üçün sevindirici haldır. Nəticədən də narazı qalmadım. Lakin onların oynamaq bacarığı hazırda məhduddur. Ötürmələrdə daha dəqiq olmalarını, qətiyyətli oynamalarını istəyirdim. Amma bu gün rəqib qapıçısını çox narahat edə bilmədik.

 

- Rəhman Hacıyevin zədə üzündən oyunu buraxması, Ruslan Tağızadənin zədəli halda meydana çıxması komandanın oyununa necə təsir etdi?

 

- Rəhmanın zədələnməsi yaxşı hal deyildi. Lakina komanda bir oyunçudan asılı olmamalıdır. Gərək oyunçunun yoxluğunu digərləri hiss etdirməsinlər. Ayrı-ayrı futbolçular barəsində isə fikir bildirmək istəmirəm. Hesab edirəm ki, belə məsələləri futbolçuların özlərinə demək daha düzgündür.

 

- Moldova yığması yalnız bir real qoul vəziyyəti yaratdı. Qalan bütün epizodlar futbolçularımızın top itirməsindən sonra reallaşdı. Bu sizi narahat etmir ki?

 

- Komandanın top itirmələri mənim də xoşuma gəlmədi. Amma nəzərə alsaq ki, bu futbolçular ilk dəfədir bir yerdə oynayırlar və məşq etməyə cəmi üç gün vaxtları olub, uyğunlaşmaq asan deyil. Eyni zamanda, bizim futbolçuların boş mövqeyə açılmaqla bağlı problemi də var.

 

- İyunda Norveçlə baş tutacaq oyuna qədər toplanış nəzərdə tutulubmu?

 

- Bu heç cür mümkün deyil. Çünki Topaz Premyer Liqası tam gücüylə davam edəcək. Bir də çempionat qurtarandan sonra yığışacağıq.

 

- Almaniyadan gələn Kerem Benke, İlter Taşkın və Umut Sonmezle bağlı fikirləriniz necədir? Onlar gələcəkdə də komandaya cəlb ediləcəklərmi?

 

- Bütün futbolçuların oyunlarına baxılacaq. Hamısına da eyni gözlə. Onların oyununda irəliləyiş olsa, Azərbaycanda çıxış edənlərdən yaxşı olsalar, təbii ki, dəvət olunacaqlar. Bu olmasa, çağırılmayacaqlar. Mənim üçün fərqi yoxdur, futbolçu Efiopiyadan, Almaniyadan gəlir, yoxsa Azərbaycandandır. Əsas odur ki, formada olsun və komandaya xeyir versin.