Martın 5-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Filippin yığması yeni baş məşqçi gətirir. Apasport.az saytının məlumatına görə, rəqibimiz ABŞ yığmasının sabiq futbolçusu Tomas Duliyə həvalə olunur.
Artıq bir çox mənbələr Almaniya əsilli ABŞ vətəndaşı olan 53 yaşlı mütəxəssisi filippinlilərin çalışdırıcısı kimi də qələmə verir. Ölkə futbol federasiyasının prezidenti və baş katibi isə verdikləri açıqlamalarda məsələnin hələ tam həll olunmadığını iddia edir.
Bu fikirlərə əsasən, Dulinin təyinatı gələn həftə rəsmiləşməlidir. Martın 1-də Malayziya, 4 gün sonra Berti Foqtsun rəhbərlik etdiyi komandamızla qarşılaşmalara da yığmanı amerikalı çıxarmalıdır.
Qeyd edək ki, Almaniyada anadan olan Duli futbolçu karyerası ərzində “Bayer”, “Kayzerslautern”, “Şalke” kimi klublarda da çıxış edib. Bundesliqa çempionu, ölkə kubokunun qalibi və UEFA kubokunun sahibi olan müdafiəçi 1992-99-cu illərdə ABŞ yığmasında 81 oyun keçirib və 7 qol vurub. Millinin kapitanı olan Duli DÇ-1994 və DÇ-1998-ci ildə də iştirak edib.