Azərbaycan milli komandasının bu gün Rusiya ilə keçiriləcək yoldaşlıq oyununa çıxacağı start 11-liy”i bəlli olub. Apasport.az saytının məlumatına görə, yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts Moskvanın “Ximki Arena” stadionunda baş tutacaq qarşılaşmaya gözlənilməz heyət buraxmağa qərar verib.
Kamran Ağayev yenə millinin “1 nömrə”si kimi meydana çıxacaqsa, müdafiə xəttində ciddi dəyişikliklər nəzərə çarpır. Belə ki, Foqts 3 nominal mərkəz müdafiəçisinə güvənəcək. Bunlar yığmanın kapitanı Rəşad Sadıqov, Bədavi Hüseynov və Rasim Ramaldanovdur. “Üçlük”dən birinin dayaq yarımmüdafiəçisi kimi mübarizə aparması gözləniləndir. Burda müxtəlif variantlar mümkündür. Yaradıcı oyun bacarığı daha yüksək olan Rəşadın da önə çəkilməsini ehtimal etmək olar. Rasimin də daha yaxşı anlaşan iki “Qarabağ”lınin qarşısında qərarlaşması istisna deyil. Amma müdafiəyə meyllilik göstərib 3 mərkəz müdafiəçi ilə oynamağımızı da gözləməyə dəyər.
Müdafiənin cinahları da tamamilə yenilənib. Mahir Şükürovla Ufuk Budakı ehtiyatda saxlayan Foqts sağda İlkin Qırtımov, solda Ruslan Əmircanova şans verəcək.
Yarımmüdafiə xəttində də dəyişikliklər diqqət çəkir. Düzdür, Ruslan Abışov dayaq, Vüqar Nadirov sağ cinah yarımmüdafiəçisi kimi həmişəki mövqeyində oynayacaq. Yarımmüdafiənin sol cinahında böyük ehtimalla Cihan Özkara qərarlaşacaq. Mərkəz yarımmüdafiəçisi mövqeyi isə Dmitri Nazarova həvalə olunub. Lakin bu iki milliləşən legionerin mövqelərini dəyişməsi də istisna olunmur.
Adətən iki hücumçu ilə mübarizə aparan yığmamız bu dəfə matça Rauf Əliyevsiz başlayacaq. Əvəzində onunla ön xətdə duet təşkil edən Rüfət Dadaşov bu dəfə tək mübarizə aparacaq.