“Tomas Şaafla görüşəcəyəm. O, Azərbaycan yığmasında işlədiyimi şəxsən mənim dilimdən eşitməlidir”. Apasport.az saytının məlumatına görə, bunu millimizin yeni məşqçisi Volfqanq Rolff deyib.
2004-cü ildən “Verder”də Tomas Şaafın köməkçisi olan Rolff onun istefasından sonra müvəqqəti komandanın “sükanı arxası”na keçmişdi. 54 yaşlı çalışdırıcı hazırkı baş məşqçi Robin Duttun rəhbərliyi altında Bremen təmsilçisinin yenidən yüksəlişə keçəcəyinə inanır.
Rolff Berti Foqtsla birgə Türkiyədə klubların düşərgəsində olduğunu bildirib: “Ötən həftə Foqtsla birgə Bələkdə olduq. Orda hazırlıq keçən 5 Azərbaycan klubunun düşərgəsində iştirak etdik. Almaniyaya 2 günlük gəlmişəm. Azərbaycana ilk səfərimə artıq hazırlaşıram. Orda Berti Foqtsla görüşüb, çempionatın oyunlarına birgə baxacağıq”.
Millimizin yeni məşqçisi ona Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor”dan baş məşqçi postu təklif olunsa da, Türkiyənin I dəstəsində çalışmaq istəməyib. O, Foqtsla işləmək istədiyini bu cümlə ilə ifadə edib: “Mən sadəcə, qarışqayam, yenidən işləmək istəyirəm”.
Qeyd edək ki, Volfqanq Rolff “Verder”ə gələnə kimi 1998-ci ildə “Bakı”nın sabiq baş məşqçisi Vinfrid Şeferin “Ştutqart”da köməkçisi olub. Qərbi Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Berti Foqtsun çalışdırdığı son klub olan “Bayer” və Küveyt yığmasının məşqçilər heyətində yer alıb.