Biri 6 xallıq, biri “Böyük oyun”
07.02.2014 - 12:00
Biri 6 xallıq, biri “Böyük oyun”

Sabah Topaz Premyer Liqasında XX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək turun 2 qarşılaşması Bakıda, 3-ü əyalətdə keçiriləcək.

 

Cari mövsümün ən məhsuldar turunda üz-üzə gələn rəqiblər yenidən münasibətlərini ayırd edəcək. Belə ki, 22 qolun vurulduğu XII turda qarşılaşan cütlər yenidən görüşəcək.

 

Tura Qəbələdəki mərkəzi görüşlə start veriləcək. Çempionatın lideri “Qəbələ” bu mövqeyi ötən həftə əldən verən “Qarabağ”ı qəbul edəcək. Cari mövsümdə rəqibini yenə bilməyən Yuri Syominin yetirmələri uğursuz seriyanı qırmağa və mövqeyini qorumağa çalışacaq. Ardıcıl 6 oyundur meydanı qolsuz tərk etməyən meydan sahibləri ən az top buraxan qonaqların müqavimətini qırmaq əzmindədir. Bu oyunda yeni transferlər Kamran Ağayev və Marat İzmaylovun da debütü gözlənilir.

 

İlk oyun günündə baş tutacaq digər iki matçın qol baxımından zəngin keçəcəyini ehtimal etmək olar. Çünki Topaz Premyer Liqasının aşkar autsayderləri “Rəvan”la “Sumqayıt”ın az qol buraxması da artıq qeyri-adi hadisəyə çevrilib. Son 14 qarşılaşmada qələbəyə həsrət qalan, ardıcıl 5 turdur məğlubiyyətləri sıralayan “Rəvan”ın işi daha çətindir. Güvənc Kurtarın yetirmələri ilk 2 matçda 8 qol buraxdıqları “İnter”lə paytaxt derbisində üz-üzə gələcək. Liderlərə çatmağa can atan Kaxaber Sxadadzenin yetirmələrinin sensasiyaya imkan verəcəyi inandırıcı deyil.

 

İlk iki qarşılaşmasında cəmi 1 top vurulan “Sumqayıt”la AZAL-ın matçının da məhsuldar keçəcəyi ehtimal olunur. Hər iki komanda ardıcıl 7 oyundur qapısından qol buraxdığından müdafiə xətləri zəif olanların dueli də bu sarıdan zəngin ola bilər. 6 matçdır xal, 16 oyundur qələbə nə olduğunu bilməyən “Sumqayıt”ın səfərdə seriyaları dayandıracağı da o qədər inandırıcı deyil.

 

İkinci oyun günü “Bakı”nın Zaqatala sınağı ilə başlayacaq. Əvvəlki görüşlərdə rəqibinin qapısına 3 qol vuran paytaxt futbolçuları liderlərin təqibini davam etdirmək üçün bu dəfə də turu itkisiz keçməlidir. Lakin 5 turdur qapısını toxunulmaz saxlaya bilməyən qonaqların işi asan olmayacaq. Çünki uduzacağı halda, “beşlik”dən daha da uzaq düşmək qorxusu olan meydan sahibləri xal üçün “döyüşəcək”.

 

XX tura Lənkəranda yekun vurulacaq. Prinsipial rəqiblər “Xəzər Lənkəran”la “Neftçi” növbəti “Böyük oyun”a çıxacaq. Komandalar arasında 12 xallıq fərqin olması, cənubluların deyil, “Qarabağ”la “Qəbələ”nin bakılılarla çempionluq üçün “savaşması” bu dəfəki “Böyük oyun”u kölgədə qoyub. Mustafa Dənizlinin gəlişindən sonra uduzmayan cənublular II dövrədə aldıqları darmadağının əvəzini çıxmaq iddiasındadır. 8 turdur meydandan qolsuz ayrılmayan “ağ-qaralar” isə 7 ildir qələbə qazanmadıqları Lənkərana 3 xal dalınca yollanıb. Qəbələdə meydan sahibləri xal itirsə, bu qələbə Böyükağa Hacıyevin komandasını zirvəyə də yüksəldə bilər.

 

Topaz Premyer Liqası

 

XX tur 

 

8 fevral (şənbə)

 

14:30. “Qəbələ” – “Qarabağ”

İlk iki dövrədəki oyunlar: 0:1, 3:4

Qəbələ şəhər stadionu

 

15:00. “Rəvan” – “İnter”

İlk iki dövrədəki oyunlar: 1:5, 2:3

Bayıl Arena

 

15:00. AZAL – “Sumqayıt”

İlk iki dövrədəki oyunlar: 1:0, 0:0

AZAL Arena

 

9 fevral (bazar)

 

15:00. “Simurq” – “Bakı”

İlk iki dövrədəki oyunlar: 0:3, 2:3

Zaqatala şəhər stadionu

 

16:00. “Xəzər Lənkəran” – “Neftçi”

İlk iki dövrədəki oyunlar: 0:0, 1:4

 “Xəzər Lənkəran” mərkəzi stadionu

 

1

Qəbələ

19

12

2

5

30-16

38

2

Neftçi

19

11

4

4

30-19

37

3

Qarabağ

19

10

6

3

31-12

36

4

İnter

19

9

3

7

29-22

30

5

Bakı

19

9

3

7

34-22

30

6

Xəzər L

19

6

7

6

17-24

25

7

Simurq

19

6

7

6

19-17

25

8

AZAL

19

6

6

7

18-25

24

9

Rəvan

19

1

6

12

10-37

9

10

Sumqayıt

19

1

4

14

11-35

7

Bombardir: Vaqif Cavadov (“İnter”) – 9.