Azərbaycan futbol ictimaiyyətinin qeybət eləməyə yaxşı mövzusu var - Eddi İsrafilov. Əksəriyyət bu oyunçunun yığmaya cəlb olunmasının əleyhinədi. Amma şəxsən mən AFFA-nın bu addımını ikiəlli dəstəkləyirəm.
Düzdü, Eddini razı salmaq üçün AFFA bir az əziyyət çəkdi. Bu əziyyətin bəhrə verib-verməyəcəyini də indi deyə bilmərəm. Mənim bu futbolçunun səviyyəsini müzakirə etmək fikrim yoxdu. Bircə onu deyə bilərəm ki, bizim futbolçulardan güclü olduğu şübhəsizdi. Çünki bizim oyunçular onun oynadığı La Liqanın qapısına heç yaxınlaşa da bilməzlər.
Futbolçular artıq Eddini qısqanmağa başlayıblar. Rauf Əliyev deyir ki, Eddi yaxşı oyunçu olsaydı, adını eşidərdim. Rauf özü axı “Barselona”da, “Çelsi”də “oynamış” futbolçudu, Eddi kimdi onun yanında?! Həmin Rauf deyil ki, Türkiyə Superliqasının zəif komandaları onu baxışa çağırmışdılar?
Ümumiyyətlə, bizim futbolçuların kimisə müzakirə edəcək səviyyədə olduqlarını düşünmürəm. Bir futbolçu kimi səviyyələri də göz önündədi. Türkiyəyə necə axınla getmişdilərsə, o cür də qayıtdılar. Rail Məlikov, Rəhman Hacıyev, Vaqif Cavadov, Ayaz Mehdiyev Premyer Liqamızdan aşağı səviyyədə olan Türkiyə I liqasında özlərini doğrulda bilmirlərsə, Azərbaycan futbolunun hansı səviyyəsindən danışmaq olar? Azərbaycan millisinin aparıcı oyunçusu olan Vaqif Cavadov I liqanın autsayder komandasında əsas heyətə düşə bilmirsə, yazıq Robert Prosineçki Eddi kimilərini yığmasın, nə etsin? Gələn də deyir ki, zədəli idim. Nə oldu, Rail Məlikov, Vaqif Cavadov, Rəşad Sadıqov, Ruslan Abışov ölkədən çıxan kimi zədələndilər?
İndi bir Mahir Şükürovumuz qaldı, onun da Türkiyədə çox qalacağını düşünmürəm. Diqqət yetirin, Branimir Subaşiç artıq neçə ildi ki, Türkiyədə qərar tutub. Çünki azərbaycanlı deyil ki, qaça-qaça qayıtsın.
İndi deyirlər ki, Eddi İsrafilov Azərbaycan yığmasında oynamaq üçün 1 milyon pul istəyib. Niyə də istəməsin? Guya azərbaycanlı futbolçular yığmada pula görə oynamırlar? Həmin Rauf Əliyev Estoniya ilə yoxlama görüşündə qol vuranda heç sevinmirdi. Çünki AFFA mükafat vəd etməmişdi. Pullarını kəsən kimi küsürlər. Azərbaycanda yaşayıb, layiq olmadığı qədər çox pul qazanıb, krallar kimi yaşayan futbolçu yığmada pula görə oynamaq istəyirsə, Eddini niyə qınayırıq?
Məncə, AFFA çempionatımızda legioner limitini ləğv etmək barədə də düşünməlidi. Çünki indi 500 manat dəyəri olmayan futbolçularımız 500 min manat alırlar. Özlərini futbolçu sayırlar, göylə gedirlər. Daha demirlər ki, məhz bu limitə görə klublar məcbur olub onların nazı ilə oynayır. Amma limit ləğv olunsa, hamısının əsl səviyyəsi ortaya çıxacaq. Daha klublara qiymət oxuya bilməyəcəklər.
Şəxsən mən istərdim ki, AFFA rəhbərliyi Eddi İsrafilov, Dmitri Nazarov kimi ən azı 6-7 səviyyəli futbolçu tapıb yığmaya cəlb etsin. Milli komandanı başqa cür gücləndirmək mümkün deyil. Əks təqdirdə, Robert Prosineçkinin nəticəsi Berti Foqtsdan heç də yaxşı olmayacaq.
Ruslan SADIQOV