FİFA prezidenti Yozef Blatter 2022-ci il dünya çempionatının keçirilməsinin Qətərə həvalə olunmasını səhv addım adlandırıb. Apasport.az saytının məlumatına görə, Blatter eyni zamanda səhvin insanlara xas xüsusiyyət olduğunu da bildirib.
“Bəli, bu səhv idi. Amma siz onu da bilirsiniz ki, biz həyatımızda da tez-tez səhvə yol veririk. Geosiyasi vəziyyəti də bir tərəfə atmaq olmaz” - deyə, FİFA prezidenti qeyd edib. Blatter Fransa və Almaniyanı təzyiq göstərməkdə ittiham edərək, Fransa prezidenti Nikolya Sarkozinin Qətər əmiri ilə görüşünü xatırladıb. Həmin görüşə Blatterin FİFA prezidentliyi uğrunda potensial rəqibi, UEFA-nın hazırkı prezidenti Mişel Platini də dəvət olunub: “Məsələn, İsveçrə prezidentinin belə bir addım ata biləcəyini təsəvvür etmək də çətindir”.
Blatter eyni zamanda Platinini ciddi rəqib hesab etmir: “Bizim karyeramızın bağlı olduğunu unutmaq olmaz. Mişel mənim şagirdim olub və 1998-ci ildə FİFA rəhbəri keçməyimə kömək edib. Onun özündən mənim yerimə keçmək istədiyi barədə soruşun. Amma mən onun “öz atasını öldürmək istədiyinə” əmin deyiləm. Güman etmirəm ki, Mişel mənə qarşı çıxacaq”.
2022-ci il dünya çempionatının həddən artıq isti Qətərdən başqa ölkəyə keçirilməsi barədə suala cavab verən Blatter deyib: “Bu, tamamilə mümkündür”.