Blatter beşinci müddətə FİFA prezidenti seçilmək istəyir
09.05.2014 - 19:14
Blatter beşinci müddətə FİFA prezidenti seçilmək istəyir

 

FİFA prezidenti Yozef Blatter təşkilatın növbəti rəhbəri seçkisində iştirak etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, 78 yaşlı Blatter İsveçrənin “Blick” jurnalına müsahibəsində FİFA prezidenti kimi missiyasının başa çatmadığını bildirib.

 

Blatter bəyan edib ki, iyun-iyul aylarında Braziliyada keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyir. İsveçrəli futbol məmurunun sözlərinə görə, bu turnir onun şəxsən iştirak etdiyi sayca 10-cu turnir olacaq.

 

FİFA prezidenti seçkisi 2015-ci ilin mayında keçiriləcək. Bundan əvvəl FİFA baş katibinin müavini Jerom Şampan da seçkilərdə iştirak etmək istədiyini bildirmişdi. Bundan əlavə, UEFA prezidenti Mişel Platininin də prezident seçkilərində iştirak edəcəyi gözlənilir.

 

Yozef Blatter 4 dəfə FİFA prezidenti postuna seçilib. O, ilk dəfə bu posta 1998-ci ildə seçilib. İkinci dəfə 2002-ci ildə seçkilərdə qalib gəlib. 2007-ci ildə seçkilərdə üçüncü, 2011-ci ildə dördüncü dəfə qalib olub.