“Məşqçilər Komitəsinin digər üzvlərindən fərqli olaraq, mən Antalyaya getməyəcəm. Burda qalmağı özüm seçdim. Qərargahda bir adam oturmalıdı, ya yox?”. Bu sözləri apasport.az saytına açıqlamasında Böyükağa Hacıyev deyib.
Təcrübəli mütəxəssis təlim-məşq toplanışı keçmək üçün ölkə xaricinə üz tutmayan klubların hazırlığını izləyəcək. Hacıyevin sözlərinə görə, Premyer Liqada çıxış edən komandalar arasında fərq yoxdu: “Bəzi komandalarımız Antalyaya getməyiblər. Onlar hazırlığı Azərbaycanda davam etdirirlər. Mən onların hazırlığını izləyəcəm. “Əsas komandalar Antalyaya gedib” fikri ilə razı deyiləm. Azərbaycan çempionatında çıxış edən bütün komandalar əsasdı. Onlar arasında fərq yoxdu”.
Eddi İsrafilov haqda da danışan Hacıyev maraqlı fikirlər səsləndirib: “O mənim üçün “qapalı sandıq”dı. Çünki nəyə qadir olduğunu hələ bilmirəm, onu izləməmişəm. İspaniyada oynamasını şişirtmək lazım deyil. İnandırım sizi, azərbaycanlı futbolçuların hər hansı biri İspaniyada yaşasaydı, o da La Liqada oynayardı. Durub desəm ki, İsrafilov yaxşı futbolçudu, Allah eləməsin, sonra pis çıxar və mən yanılmış olaram. Və yaxud desəm ki, pis futbolçudu, yenə əksi ola bilər. Mən Eddiyə görə nüfuzuma xələl gətirə bilmərəm”.
Tengiz MƏMMƏDOV