"Oyun haqqında şərh vermək istəmirəm. Əgər bu gün hakimin əlində imkan olsaydı, 11 futbolçumuzun hamısını qovardı”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XX turunda “Xəzər Lənkəran”la səfər oyununda qələbəni əldən verib – 2:2. Oyun barədə danışan Hacıyev baş hakimdən gileylənib: “Böyük oyun"dan söhbət gedə bilməz. "Böyük oyun" tarixdə qaldı. 2:0 qalib gəldiyimiz oyunun son 15 dəqiqəsində 2 qol buraxdıq. Rəhim Həsənov "Neftçi" ilə yola getmir. Onu Hakimlər Komitəsi araşdırmalıdı. Oyuna gəldikdə, maraqlı qarşılaşma oldu. Amma 3 xalı itirdiyimizə görə təəssüflənirəm”.
Hacıyevin sözlərinə görə, Kiprdə olanda belə, heç bu qədər problemlə üzləşməyiblər: “Avtobusumun şüşəsini Lənkəranda sındırdılar. Kiprdə olanda heç bu qədər problemlə üzləşməmişdik. Bu gün çox lazımsız hərəkətlər oldu. Məni öz vətənimdə polis qoruyur. Bu, nə deməkdi? Mənim üçün bütün bölgələr eynidi. Həmişə demişəm, kim güclüdü, o da udsun. "Neftçi" gəldi, 3 xal olmasa da, bir xal qazandı. Lənkəranda futbol ab-havası başqadı. “Xəzər Lənkəran” üçün burada əla şərait yaradılıb. Mən Superkubok oyununda Naxçıvanda "Xəzər Lənkəran" rəhbərliyinə yaxınlaşıb, onlara "nə problem olsa, burdayıq" dedim.
Biz hər kəsə bacardığımız köməyi etmişik. Slavik Alxasovu istədilər, təmənnasız verdik. 55 yaşım var, məni tribunadan söyürlər. Məni söyən kimdisə, gəlsin üzümə söysün. Mən demişdim ki, naxçıvanlılarla lənkəranlılar oxşardı. Amma bu, qətiyyən belə deyil. Əgər kimsə, Naxçıvanda Toşakı söysəydi, mən onun cavabını özüm verərdim. Qaldı Rəhim Həsənova, onu Allaha tapşırıram. Bu da bizim FİFA refetimiz".