“Əsl final oyunu oldu. Çox gərgin oyun oldu”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan kubokunun final oyununda “Qəbələ” üzərində qələbə qazanaraq kuboku əldə edən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi oyunu belə şərh edib: “Qəbələ” güclü komandadır. Biz oyundan qabaq demişdik ki, Azərbaycanda iki titul var – çempionluq və kubok. Çempion ola bilmədik, amma kuboku qazandıq. Komandamı təbrik edirəm”.
Təcrübəli məşqçi komandadan gedib-getməyəcəyi haqqında da danışıb: “Müqaviləm başa çatır. Sadıq Sadıqovla görüşəcəyik. Qalmağımı istəsə, qalacam, getməyimi istəsə, gedəcəm. Bəlkə o, Qyoko Haciyevskini baş məşqçi gətirmək istəyir”.
Hacıyev gənc futbolçuların çıxışına da qiymət verib: “Mən heç zaman qorxmamışam. Qorxaq məşqçi uğur qazana bilməz. Müvəffəqiyyət qazanmaq üçün risk eləmək lazımdır. Bu gün Məqsəd İsayev Mahir Şükürovu, Samir Məsimov da Araz Abdullayevi layiqincə əvəzlədi. Onlar istədiyim kimi çıxış etdilər. Bilirsiz, Mahir artıq dağın zirvəsini görmüş adamdır. O zirvədən aşağı düşür yavaş-yavaş. Məqsəd isə hələ o zirvəyə qalxmayıb. Onun məqsədi yuxarılara getməkdir. Bir vaxt dağı zirvəsinə çıxan adam, bir də var ordan enən adam”.
Təcrübəli mütəxəssis Erik Ramosun ona etiraz etməsinə aydınlıq gətirib: “Mənə komandada heç kim etiraz edə bilməz. Çünki bu komandada 25 fəhlə var. Mən də onların “briqadiriyəm”. Erik sadəcə Rəşad Sadıqov əvəzlənərkən meydanın mərkəzində tək qalmışdı. Ona görə bir az pis oldu. Mən də dedim ki, narahat olma. İndi ora futbolçu göndərəcəm”.
“Cavid İmamverdiyevlə Denis Silvanı əvəzləyərkən hesabı qorumağı düşünürdüz” sualına isə “Neftçi”nin baş məşqçisi belə cavab verib: “Bəli, hesabı qorumağı düşünürdüm. Çünki Syomin üç hücumçu ilə oynamağa başladı. Mən də onun taktikasına uyğun olaraq meydana Denis Silvanı buraxıb mərkəzi gücləndirdim”.