Branimir Subaşiç Türkiyədə dubl etdi
10.03.2014 - 11:56
Branimir Subaşiç Türkiyədə dubl etdi

Türkiyə I dəstəsində XXIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın sabiq üzvlərinin qarşıdurması reallaşmayıb.

Söhbət Branimir Subaşiçlə Saşa Yunisoğludan gedir. Belə ki, Subaşiçin komandası “Orduspor” doğma azarkeşləri önündə “Dənizlispor”u qəbul edib. Ordu təmsilçisi ardıcıl 3 tur qələbələri sırlayan rəqibini 3:0 hesabı ilə məğlub edib. Start heyətində yer alan Subaşiç 40 və 74-cü dəqiqələrdə başla qollar vurub. İkinci qoldan 3 dəqiqə sonra isə serbiyalı hücumçu rumıniyalı Aleksandru Yonitse ilə əvəzlənib. Saşa isə saytımıza verdiyi müsahibədən sonra nəinki oynamaq, son 3 turda heç “18-liy”ə daxil edilmir.

Millimizin futbolçusu Ufuk Budakın çıxış etdiyi “Qaziantep BB” isə yeni ildə ilk qələbəsini qazanıb. Qaziantep təmsilçisi səfərdə “Şanlıurfaspor”un müqavimətini qıra bilib – 1:0. Bu, 10 turdan sonra qazianteplilərin qazandığı ilk qələbədir. Bu matçda yenə zədəli olduğu üçün Budak “18-lik”də olmayıb.

Qapıçımız Davud Kəriminin çıxış etdiyi “Fəthiyəspor” da səfər qələbəsinə sevinib. Muğla təmsilçisi İzmirdə “Karşıyaka”dan üstün olub – 2:1. 2 turdan bir növbəlilik prinsipi ilə ehtiyatda duran Kərimi “18-lik”də yer almayıb.

Qeyd edək ki, “Orduspor” 56 xalla III pillədədir. Ancaq Subaşiçin komandası “Ankaraspor” və “İstanbul BB”dən 1 oyun az keçirdiyindən, potensial liderdir. “Dənizlispor” 31 xalla XII, “Qaziantep BB” 30 xalla XIV və “Fəthiyəspor” 29 xalla XV sırada qərarlaşıb.