“İnter”in futbolçusu Brüs Abdulaye növbəti mövsüm başqa komandanın formasını geyinə bilər. Bu barədə apasport.az saytına konqolu legionerin özü məlumat verib.
O bildirib ki, Topaz Premyer Liqasında mübarizə aparan 2 klubdan təklif alıb: “Seçim geniş olduğundan hələlik qərar verməyə tələsmirəm. Çünki daha 2 komanda xidmətimdə maraqlıdır”.
İyunun 1-də Bakıya qayıdacağını vurğulayan Abdulaye bundan sonra qərar verəcəyini bildirib: “Mənimlə maraqlanan hər iki klub iddialıdır. Hər şeyə 1 həftə ərzində aydınlıq gələcək. Düzdü, baş məşqçimiz Kaxaber Sxadadze məni komandada saxlamaq istəyir. Bu barədə onun fikrini bilirəm. Getməyimin əleyhinədir. Amma mən özüm üçün ən yaxşı qərarı verməliyəm”.
Konqolu müdafiəçi “Xəzər Lənkəran”ın onu istəməsi haqqında xəbərə də toxunub: “Ad çəkmək fikrim yoxdur. Ola bilsin “Xəzər Lənkəran” da məni istəyir. Böyük klubdur, niyə də orda oynamayım? Amma seçimimi bir həftə sonra edəcəyəm”.