[b]Cahangir Həsənzadə: Baş məşqçidən soruşası deyiləm ki...[/b]
04.12.2014 - 14:34
[b]Cahangir Həsənzadə: Baş məşqçidən soruşası deyiləm ki...[/b]

“Qəbələ” ilə oyuna hazırlıq davam edir. Hamı məşqlərdə özünü yaxşı tərəfdən göstərməyə çalışır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın təcrübəli qapıçısı Cahangir Həsənzadə deyib.

 

Mövsümün gedişində cənub təmsilçisinə keçidindən sonra mütəmadi əsas heyətdə yer alan Azərbaycan millisinin sabiq qolkiperi son vaxtlar ehtiyatda qalır. Bununla bağlı danışan Həsənzadə bildirib ki, oynamamağının səbəbini özü də bilmir: “Nə üçün oynamadığımı bilmirəm. Məşqçinin qərarıdı, qarışa bilmərəm. Yəqin ki, taktiki gedişlərə görə məni ehtiyatda saxlayır. Məşqlərdə əlimdən gələni edirəm. Baş məşqçidən soruşası deyiləm ki, niyə oynamıram? Söhbətə ehtiyac yoxdu. Futbol peşəkar idman növüdü və biz özümüzü peşəkar kimi aparmalıyıq”.

 

“Xəzər Lənkəran”la mövsümün sonuna qədər müqaviləsi olan Cahangir gələcək karyerasını da hələ müəyyənləşdirməyib: “Yayda hansı qərar verəcəyimi bilmirəm. Bu barədə danışmaq tezdi. Hələlik “Xəzər Lənkəran”a bağlıyam. Üstəlik, məşqçilərin etimadını hiss edirəm. Yayda hansı addım atacağımı isə zaman göstərəcək”.