Çalımbay təsdiqlədi: Dənizli Çernatla maraqlanırdı
23.01.2014 - 16:09
Çalımbay təsdiqlədi: Dənizli Çernatla maraqlanırdı

“Düzdü, təxminən 1 ay öncə “Xəzər Lənkəran” Florin Çernata təklif göndərmişdi. Bizim bu barədə söhbətimiz olub”. Bu sözləri apasport.az saytına Türkiyənin “Çaykur Rizəspor” klubunun baş məşqçisi Rza Çalımbay deyib.

 

Türkiyə mətbuatının iddiasına əsasən, “Çaykur Rizəspor”un rumıniyalı hücumameylli orta xətt oyunçusu Florin Çernat “Xəzər Lənkəran”a keçə bilər. Qeyd olunur ki, Superliqa klubunun rəhbərliyi legionerlərin sayını azaltmaq istədiyindən qeyri-stabil çıxış edən Çernatı “ağ-yaşıllar”a buraxmağa razıdır.

 

Çalımbay əməkdaşımızla söhbətində “ağ-yaşıllar”ın Çernata maraqlandığını təsdiqləsə də, rumın futbolçunun komandasında qalacağını bildirib: “Biz Antalya toplanışı zamanı “Xəzər Lənkəran”la yoldaşlıq görüşü keçirdik. Həmin qarşılaşmadan öncə Mustafa Dənizli Çernatla maraqlandı. Ancaq Çernat heç bir komandaya getməyəcək, heyətimizdə qalacaq. Çünki klub rəhbərliyi onu buraxmaq istəmədi. Türkiyə mətbuatında onun “Xəzər Lənkəran”a keçəcəyini yazanlar yanılır”.

 

Qeyd edək ki, Florin Çernat ötən ilin martında Mustafa Dənizlinin rəhbərlik etdiyi “Çaykur Rizəspor”la müqavilə bağlayıb. Onda Qara dəniz təmsilçisi Türkiyənin I dəstəsində çıxış edirdi.

 

Səbuhi TOFİQOĞLU