Cavid Hüseynov: Bu rəqəmi 10-a çatdırmağım mümkündü
06.04.2015 - 07:58
Cavid Hüseynov: Bu rəqəmi 10-a çatdırmağım mümkündü

“AZAL-la əvvəlki matçlarımız çətin olmuşdu. İki dəfə onlar qalib gəlmişdilər. Bunun əvəzini çıxmaq istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

 

Premyer Liqanın XXVIII turu çərçivəsində AZAL üzərində qazanılan (4:0) qələbə ilə bağlı klubun rəsmi saytına danışan yığmamızın üzvü bu hesabı gözləmədiklərini vurğulayıb: “Düzü, hesabın 4:0 olacağını gözləmirdik. Yaxşı oynayıb, layiqli və matça görə düzgün nəticəni əldə etdik. Bunadək ardıcıl 4 qələbə qazanmışdıq. Bu seriyanı 5-ə çatdırdıq. Oyundan-oyuna daha yaxşı çıxış edirik. İndi bu tempi saxlayıb, belə davam etməyə çalışacağıq”.

 

Azərbaycan millisinin heyətində Maltaya da qol vuran yarımmüdafiiəçi son vaxtlar göstərdiyi məhsuldarlıqdan da danışıb. Premyer Liqada özünün 30-cu qolunu vuran, mövsümdə 8-ci dəfə fərqlənən Hüseynov karyerasının ən məhsuldar çempionatındakı göstəricini daha da yaxşılaşdırmaq əzmindədi: “Mənim üçün qol vurmaqdan daha çox qələbəmiz vacibdi. Amma özüm də hər qarşılaşmaya qol vurmaq istəyilə çıxıram. Yenə qol vuracağımı gözləsəm də, dubl edəcəyimi gözəmirdim. Elə alındı ki, 2 qol vura bildim. Son vaxtlar daha məhsuldar oynamağımın hər hansı sirri yoxdu. Görünür, qismət belədi. Həm də indi yaxşı formadayam. Daim əsas heyətdə yer alıram, inkişaf da gedir. Karyeramda bir mövsümə vurulan qol sayında ən yüksək göstəriciyə imza atdım. Buna çox sevinirəm. Daha çox qol vurmaq istəyirəm. Açığı, yayda “Qəbələ”yə keçəndə özlüyümdə götür-qoy edib, mövsümdə 6 qol vurmaq haqda düşünürdüm. Bu rəqəm mənim üçün yaxşı olardı. Amma artıq 8 qol vurmuşam. Hələ “Araz Naxçıvan”la nəticəsi ləğv olunan görüşdə də fərqlənmişdim. Mövsümün sonunadək qol sayımı artıra da bilərəm. Düşünürəm ki, bu rəqəmi 10-a çatdırmağım mümkündü”.

 

Fasilədə əvəzlənməsinə aydınlıq gətirən orta sahə oyunçusu “Simurq”la növbəti turun görüşü haqda da fikirlərini açıqlayıb: “Süni örtüklü meydanda oynayırdıq. Bu örtük də yaxşı vəziyyətdə deyildi. Burada zədə almaq, köhnə zədələri yeniləmək təhlükəsi var idi. Mənim də ayağımda əvvəldən qalma zədəm var. Fasilədə baş məşqçi risk etməyib, əvəzlənməyimi istədi. 4-cü yer uğrunda gərgin mübarizə gedir. “Simurq” da çox yaxşı komandadı. Bu gün onlar uduzdu. Bundan yararlanıb, 4-cü pilləyə yüksəldik. Növbəti turda onlarla qarşılaşacağıq. Doğma azarkeşlər önündə qalib gəlib, mövqeyimizi möhkəmlətməyə çalışacağıq”.

0