[b]Cavid İmamverdiyev: İstəsələr, “Neftçi”də oynayaram[/b] - MÜSAHİBƏ
03.04.2015 - 12:53
[b]Cavid İmamverdiyev: İstəsələr, “Neftçi”də oynayaram[/b] - MÜSAHİBƏ

İcarə əsasında Türkiyənin PTT I liqa təmsilçisi “Elazığspor”da çıxış edən “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin apasport.az saytına müsahibəsi

 

- “Neftçi” - “Bakı” oyununu tribunadan izləyirdiniz. Azərbaycana birdəfəlik qayıtmısınız?

- Xeyr, klubumdan icazə almışam. Rəhbərlikdən xahiş etdim, onlar da icazə verdilər.

 

- Bəs Türkiyəyə nə zaman qayıdacaqsınız?

- Aprelin ortalarına qədər burda olacam. Ondan sonrası ilə bağlı bir söz deyə bilmərəm.

 

- Yəni Türkiyəyə qayıtmaya bilərsiniz?

- Hər şey ola bilər. Mənim “Elazığspor”la müqaviləm mövsümün sonuna qədərdi. Hər şey klubla aparılacaq danışıqdan asılıdı. Bildiyiniz kimi, orda artıq oynamıram. Bilika və Kangele ilə birlikdə bir məşqçinin nəzarəti altında məşq edirdik.

 

- PTT I liqa klublarının əksəriyyəti maliyyə problemi yaşayır. Sizin heyətdən kənarlaşdırılmağınızın səbəbi kimi də maaşınızın yüksək olduğu deyilir. Ümumiyyətlə, maaşınızı vaxtlı-vaxtında ala bilirdiniz?

- Bu xəbərlərin hardan çıxdığını bilmirəm. Ancaq şəxsən mənim bununla bağlı heç bir problemim yoxdu. “Elazığspor”un mənə borcu yoxdu.

 

- Heyətdən kənarlaşdırıldıqdan sonra baş məşqçi Ümit Özatla görüşmək imkanınız olub?

- Xeyr, baş məşqçi ilə bu barədə söhbətimiz olmayıb. Bayaq da qeyd etdiyim kimi, biz komandadan ayrıca məşq edirdik. Neçə gündü Bilika və Kangele ilə də əlaqə saxlaya bilmirik.

 

- Müqavilə ilə məxsus olduğunuz “Neftçi”də baş verən dəyişikliklərdən yəqin ki, xəbəriniz var...

- Əlbəttə var. “Neftçi”nin elə “Bakı” ilə çempionat oyununu izlədim. Yeni yaranmış Müşahidə Şurasının üzvləri də orda idi. Ancaq onlarla görüşmək imkanım olmadı.

 

- “Neftçi”nin cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?

- “Neftçi” həmişə iddialılar sırasında olub. Hazırda da ilk “üçlük”də qərarlaşır və iddiasını davam etdirir. Düzdü, bu komanda həmişə çempionluğa oynayıb. Ancaq fikrimcə, medalçılar sırasına düşüb, avrokuboka vəsiqə qazanmaq da uğurdu.

 

- Gələn mövsümdən “Neftçi”də çıxış edəcəksiniz, yoxsa Türkiyənin başqa bir klubuna keçməyi düşünürsünüz?

- İndidən nəsə deyə bilmərəm. Mən “Neftçi”nin müqaviləli futbolçusuyam. Karyeramı bu klubda davam etdirməyimi istəsələr, məmnuniyyətlə burda çıxış edərəm. Müqavilə ilə bu komandaya məxsus olduğumdan, rəhbərliyin fikri də önəmlidi.

 

Ruslan SADIQOV