Çempion autsayderə qarşı, “Şəfa”da gümüş “döyüşü”
11.05.2014 - 10:00
Çempion autsayderə qarşı, “Şəfa”da gümüş “döyüşü”

Sabah Topaz Premyer Liqasında XXXV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, mövsümün sonuncudan əvvəlki turunun bütün matçları eyni vaxtda başlayacaq.

 

Ölkə çempionu və avrokuboklara gedən klubların adı müəyyənləşdiyindən, sabahkı qarşılaşmalar yarımformal xarakter daşıyacaq. Çünki yalnız gümüş və bürünc medalların sahibləri və aşağı dəstəyə yuvarlanan klubun adı dəqiqləşməlidir.

 

Günün ən maraqlı qarşılaşması da mükafatlara iddialıların iştirakı ilə olacaq. 2-ci pillədə olan “İnter” ən yaxın izləyicisi “Qəbələ” ilə matçda uduzmasa, gümüşü təmin edəcək. “Şəfa” stadionunda keçiriləcək görüşdə qonaqlar üçün qələbə ikiqat vacibdir. Çünki xal itkisi bürünc mübarizəsində də onların ziyanına işləyə bilər.

 

Autsayderlərdən biri – “Rəvan”ı qəbul edəcək “Neftçi”də məhz “Qəbələ”nin büdrəməsini gözləyir. 3-cü yer şansı qalan “ağ-qaralar” əyalət klubunun xal itirəcəyi halda, qalib gəlməklə 3-cü pilləyə qayıdacaq. “Neftçi”nin özünün xal itkisi isə 3-cü yer arzularını puç edə bilər. Belə olan halda ötən mövsümün çempionu heç nə verməyən 4-cü yeri də itirə bilər.

 

“Rəvan” isə Premyer Liqada qalmaq üçün xal itirməməlidir. Belə ki, onların əsas rəqibi “Sumqayıt”ın sabah hesabını artırması gözləniləndir. Son pillədə qərarlaşan Aqil Məmmədovun yetirmələri cari mövsümdə 3 dəfə böyük hesabla uduzduğu “Qarabağ”ı məğlub etməsi də mümkündür. Çünki çempionluğu ötən tur təmin edən, bunun eyforiyasında olması istisna edilməyən ağdamlılardan sabahkı görüşdə canfəşanlıq gözlənilmir. Bu isə “Sumqayıt”a şans verir. Hər halda son illərin “Neftçi” nümunəsi göstərir ki, çempionluğu təmin edən komanda formal matçlarda nəticə qazanmaqda çətinlik çəkir.

 

4-cü yerə ümid edən “Bakı” isə AZAL-ı qəbul edəcək. 2014-cü ildə keçirdiyi 16 oyunda qələbə nə olduğunu bilməyən “təyyarəçilər” üçün mövsümü bitmiş də saymaq olar. Çünki son iki tur onların mövqeyinə təsir etməyəcək.

 

Zaqatalada isə 6-cı yer uğrunda oyun keçiriləcək. “Simurq”la “Xəzər Lənkəran” arasında görüş məhz “altılıq”da qalmaq baxımından əhəmiyyət kəsb edir. Lənkəranlılar qalib gəlsə, 6-cı yeri təmin edəcək.

 

 

XXXV tur

12 may (bazar ertəsi)

 

18:00. “Simurq” – “Xəzər Lənkəran”

Zaqatala şəhər stadionu

 

18:00. “Neftçi” – “Rəvan”

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

 

18:00. “Bakı” – AZAL

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

18:00. “İnter” – “Qəbələ”

“Şəfa” stadionu

 

18:00. “Sumqayıt” – “Qarabağ”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança

 

 

Komanda

o

q

h

m

t

x

1   Qarabağ

34

21

9

4

65-18

72

2   İnter

34

19

6

9

57-36

63

3   Qəbələ

34

17

6

11

45-35

57

4   Neftçi

34

16

8

10

46-41

56

5   Bakı

34

14

9

11

49-41

51

6   Xəzər L

34

11

12

11

40-46

45

7   Simurq

34

11

11

12

33-26

44

8   AZAL

34

6

13

15

28-45

31

9   Rəvan

34

4

10

20

19-61

22

10 Sumqayıt

34

4

10

20

25-58

22


​Bombardir: Reynaldo (Qarabağ) – 22.