“Liverpul”un və “Çelsi”nin aparıcı oyunçuları Stiv Cerar və Frenk Lempard karyeralarının ən vacib qərarlarından birini qəbul ediblər. Apasport.az saytının məlumatına görə, hər iki futbolçu milli komanda ilə vidalaşmaq qərarına gəlib.
Stiv Cerard Braziliyada keçirilən dünya çempionatından sonra bir daha mili komandanın formasını geyməyəcək. Eyni zamanda o, müqaviləsi 2016-cı ilə qədər davam edəcək “Liverpul”un heyətində çıxışını davam etdirmək niyyətindədir. Cerard milli komandanın heyətində ilk oyununa 2000-ci ildə çıxıb. Yığma ilə 3 Avropa və 2 dünya çempionatında çıxış edən milli komandanın kapitanının hesabında 109 oyun var.
Frenk Lempard da mundialdan sonra milli komanda ilə vidalaşmaq niyyətindədir. Lempard yığmanın heyətində 103 oyun keçirib, Avro-2004-də və 2 dünya çempionatında çıxış edib.
Maraqlıdır ki, bir çox mütəxəssislər Lempard və Cerardın millidə çıxış etdikləri zaman meydanın onlara “dar” olduğunu bildirirdilər. Mətbuatda hər dəfə “bir mağarada iki ayı” məsəli çəkilirdi. İndi isə mağarada ayı qalmayacaq…