Dənizlinin istədiyi 7 futbolçu
16.05.2014 - 14:52
Dənizlinin istədiyi 7 futbolçu

“Xəzər Lənkəran”dan istefaya göndərilən Mustafa Dənizlinin komandaya cəlb etmək istədiyi futbolçuların adları bəlli olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, türkiyəli çalışdırıcı növbəti mövsüm çempionatda forma geyinən 7 futbolçunu transfer siyahısına daxil edibmiş.

 

Maraqlıdır ki, siyahının başında millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov durur. Bu futbolçunun Çempionlar Liqasında çıxış edəcək klubunu tərk edib, “Xəzər Lənkəran”a gələcəyi inandırıcı olmasa da, hər halda, Dənizli vaxtilə Türkiyədə oynamış müdafiəçini bəyənibmiş.

 

Dənizlinin siyahısında “İnter”in 3 futbolçusu yer almışdı. Rusiyadan təklif aldığı iddia edilən, hələ “İnter”də qalmağa da qərar verməyən Vaqif Cavadov Mustafa hocanın maraqlandığı futbolçulardan imiş. Məhz hesabat turunda “İnter” - “Qəbələ” matçını izləməyə üstünlük verən Dənizli Vaqif Cavadov, Ruslan Əmircanov və Matiya Şpiçiçə görə “Şəfa”ya baş çəkibmiş.

 

Onun “Xəzər Lənkəran”ın idman direktoru İlhan Akgüllə birgə izlədiyi görüşdə yalnız Əmircanov meydana çıxmayıb. Yeri gəlmişkən, xorvatiyalı müdafiəçi Dənizlinin ölkəmizdə bəyəndiyi yeganə legioner olub.

 

“Neftçi”nin isə 2 futbolçusu Mustafa Dənizlinin hədəfində imiş. Bunlar Böyükağa Hacıyevlə sözü çəp gəldiyi üçün kapitanlıq sarğısı əlindən alınan Rəşad Sadiqov və U-21-in müdafiəçisi Elvin Yunuszadədir.

 

Maaşların verilmədiyi “Bakı”nı tərk edəcək futbolçulardan biri də millimizin hücumçusu Rauf Əliyevdir. Məhz Dənizli bu haqda məlumatlı olduğundan istedadlı futbolçunu komandasında görmək istəyirmiş.