Dəyişən, dəyişməyən “Bakı”...
06.02.2014 - 12:36
Dəyişən, dəyişməyən “Bakı”...

“Böyük “Bakı” – 2012” adlı bir layihə vardı, fiaskoya uğrayan bir layihə. Qarşıya qoyulan əsas məqsəd avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmaq və uşaq futboluna böyük diqqət ayırmaq idi. Gələcəyə nikbin baxan “zolaqlılar” 2012-14-cü illərdə əməklərinin bəhrəsini görəcəklərini və öz yetirmələri ilə Avropada uğur qazanacaqlarını açıqlamışdılar...

 

“Bakı”nın uşaq futboluna böyük önəm verməsi hər kəsin məlumudur. Düzdür, hələlik klubun yetirmələri arasında əsas komandada aparıcı fiqura çevriləni olmayıb, lakin gələcəkdə qoyulan sərmayə öz bəhrəsini mütləq verəcək. Avropada uğur əldə etməyə gəlincə...

 

Öncə gərək beynəlxalq yarışlara vəsiqə qazanasan ki, sonra orada boy göstərmək barəsində düşünəsən. Daxili yarışlarda qeyri-stabil çıxışı ilə diqqət çəkən “Bakı” ilk növbədə ildən-ilə ortababa komandaya çevrilməsinə “dur” deməlidir.

 

Sonuncu dəfə 2008/09 mövsümündə çempion olan “Bakı” artıq nəinki qızıl medallara həsrət qalıb, heç baş mükafat uğrunda mübarizədə iştirakçılar sırasında yer almağı bacarmır.

 

Maraqlıdır ki, son 4 mövsümdə 2 dəfə ölkə kubokunu qazanmaqla kifayətlənən "zolaqlılar" bunu planlı şəkildə etməyiblər. Yəni, həmin mövsümlərdə paytaxt təmsilçisinin titul qazanacağına çox az adam inanırdı. Lakin elə alındı ki, əvvəlcə Bülənt Korkmazı əvəzləyən Cüneyt Biçər, ardınca isə Aleksandr Starkovun işini davam etdirən köməkçisi Novruz Əzimov "Bakı"nı uğura daşıdı. Amma klub rəhbərliyi həm Biçərə, həm də Əzimova lazımi səviyyədə dəyər vermədi.

 

Son 4 mövsümə diqqət yetirsək, yalnız Bojidar Bandoviçin startdan finişədək komandanın “sükanı arxasında” duruş gətirdiyini görərik. Hərçənd, çernoqoriyalı mütəxəssis komandanı avrokuboka daşıya bilmədi və getdi.

 

2009-cu ildə Qyoko Hacıyevskini əvəzləyən Bülənt Korkmaz rəhbərliyin işinə müdaxiləsindən sonra istefa verib gedəndə, komanda klubda uşaq futbolu üzrə koordinator kimi çalışan Cüneyt Biçərə tapşırıldı. Dağınıq komandanı toparlayan türkiyəli “Bakı”ya gümüş medal və ölkə kubokunu qazandırdı. Ancaq Avropa Liqasında işinin başında olmaq Biçərə nəsib olmadı – Vinfred Şaferlə əvəzləndi.

 

Təsnifat mərhələsində “zolaqlılar”a münasib rəqib düşmüşdü – Çernoqoriya “Buduçnost”u. Lakin məlum Joel Epalle məsələsinə görə təmsilçimizə texniki məğlubiyyət verildi. 2010/11 mövsümünün qış fasiləsində Şaferi əvəzləyən Aleksandr Starkov isə "zolaqlılar" üçün avrokuboka vəsiqəni təmin edə bilmədi. "Bakı" latviyalının başçılığı altında həm çempionatda, həm də kubokda uğursuzluğa düçar oldu.

 

Bakılılar 2011/12 mövsümünə Starkovun rəhbərliyi altında başlasalar da, latviyalı marafonun sonuna qədər postunda duruş gətirə bilmədi. Baş məşqçi vəzifəsini müvəqqəti icra edən Novruz Əzimov isə Starkovdan miras qalan ruhsuz kollektivi yenidən ayağa qaldırdı və "zolaqlılar" mövsümü titulla başa vuraraq, avrokuboka vəsiqə qazandılar. "Bakı" bossları Biçərdən fərqli, klubun yaradıcılarından olan Əzimova şans verməyi özlərinə mənəvi borc bildilər. Lakin Avropa Liqasının ilk təsnifat mərhələsində “zolaqlılar” Sloveniyanın “Mura” klubuna boyun əyincə, Əzimovu Bandoviç əvəzlədi.

 

Sonuncu mövsümdə komandaya rəhbərlik edən çernoqoriyalının da aqibətini bilirsiniz, “Bakı”nın da. Və görünən o ki, cari mövsümün yekununda da “zolaqlılar” avrokuboka vəsiqə qazana bilməyəcəklər. Hər halda, Milinko Pantiçin rəhbərlik etdiyi komandanın Topaz Premyer Liqasında mükafatçılar sırasına düşəcəyi inandırıcı görünmür.

 

Azərbaycan kubokunda isə... 

 

“Məşqçilər qəbirstanlığı”na çevrilən “Bakı” çalışdırıcıları əlcək kimi dəyişməkdən usanmır. Lakin nə hikmətdirsə, nəticələr dəyişmir. Böyük ehtimalla, Pantiç də işsizlər ordusuna qoşulacaq. Maraqlıdır ki, paytaxt klubundan ayrılanlardan yalnız Şafer hazırda baş məşqçi kimi çalışır. Almaniyalı Yamayka yığmasına rəhbərlik edir. Digərləri isə papaqlarını günə verməklə məşğuldur...