“İnter”də vurduğum ilk qol təkcə məni deyil, bütün komanda yoldaşlarımızı və məşqçilərimizi də sevindirdi. Bilirdim ki, meydanda əlimə düşən hər imkandan yararlanmalıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in kosta-rikalı hücumçusu Dieqo Madriqal deyib.
Bakılıların yeni transferi Topaz Premyer Liqasının XXI turunda paytaxt təmsilçisinin heyətində debüt edib. Madriqal sonradan meydana daxil olmaqla ilk toxunuşda qol hesabını açıb. Bu top “İnter”in çətin səfər matçında qələbəsini də təmin edib. Madriqal qarşılaşmadan sonra oyun haqda fikirlərini açıqlayıb: “Çünki nədən bu komandaya transfer olunduğumu meydanda göstərməliyəm. Düşünürəm ki, Kaxaber Sxadadze kimi baş məşqçinin rəhbərliyi altında futbolçu kimi daha da inkişaf edəcəm. Bu da mənə Avropanın istənilən klubuna keçməyim üçün vacibdir. Burada oynamağım uğur qazanmağa və nəyə qadir olduğumu göstərməyə imkan verəcək. Hələlik isə “İnter”in oyun sxeminə uyğunlaşıram”.
Qeyd edək ki, 1:0 hesabı ilə qalib gələn “İnter” “Simurq”u mövsümdə ilk dəfə məğlub edib.