Dmitri Lyapkin “Neftçi” ilə oyundan danışdı
29.05.2014 - 15:16
Dmitri Lyapkin “Neftçi” ilə oyundan danışdı

“Maraqlı oyun oldu. “Neftçi” ilə oyunumuz çətin keçdi. Start matçları həmişə çətin keçir”. Bunu apasport.az saytına Moskva “Lokomotiv”inin 15 yaşadək futbol komandasının baş məşqçisi Dmitri Lyapkin deyib.
 

Bu gün III “Qəbələ Kuboku” start götürüb. B qrupunda yarışan “Neftçi” ilk görüşünü “Lokomotiv”ə qarşı keçirib. Təmsilçimiz oyun boyu üstün olsa da, Rusiya təmsilçisi əks-hücumlar sayəsində 2:0 hesabı ilə qalib gəlib.
 

Lyapkin yetirmələrinin oyunda çətinlik çəkməsini bununla əlaqələndirib: “Biz məşqlərimizi həmişə Moskvada süni örtüklü meydançada keçmişik. Ona görə də burda təbii örtüyə alışmaq bizə bir qədər çətin gəldi. İlk hissədə uyğunlaşmaya vaxt keçirdik. İkinci hissədə isə rəqibi əks-hücumda tutub qələbə qazandıq. Havanın isti olmasına gəlincə, bizim üçün problem yoxdur. Moskvada da hazırda belə iqlim hökm sürür”.
 

Vaxtı ilə “Lokomotiv”in II komandasında çıxış etmiş gənc çalışdırıcı “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin haqqında isə bunları deyib: “Onun burda işlədiyindən xəbərdaram. “Lokomotiv”in bu turnirə dəvət almasında yəqin ki onun da rolu olub. Bilirəm ki, o, “Qəbələ” ilə Azərbaycan III-sü oldu və kubokun finalına çıxdı.”.
 

Səbuhi TOFİQOĞLU