Dörddən ikisi “Neftçi”də!
23.05.2014 - 10:48
Dörddən ikisi “Neftçi”də!

Azərbaycan kuboku tarixində 4-cü dəfə eyni komanda ardıcıl 2 dəfə kuboka sahib olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümündə yarışın qalibi olan “Neftçi” 2013/14-də də titulunu qorumağa nail olub.

 

Hər iki finalda penaltilər seriyasında qalib gələn bakılılar əvvəl “Xəzər Lənkəran”, sonra isə “Qəbələ”ni məğlub edib. Azərbaycan kuboku tarixində ilk belə uğur da məhz “Neftçi”yə malik idi. “Ağ-qaralar” 1994/95 və 1995/96 mövsümlərində ardıcıl 2 kubok qazanmışdı.

 

Estafeti “Neftçi”dən alan “Kəpəz” 1996/97 və 1997/98 mövsümlərində yarışın qalibi olmuşdu. Ardıcıl 2 kubok qazanan sonuncu komanda isə “Xəzər Lənkəran” idi. Cənublular 2006/07 və 2007/08 mövsümlərində eyni uğura imza atıb.

 

Maraqlıdır ki, bütün hallarda adıçəkilən komanda 2 ildə 3 titul qazanıb. “Neftçi” və “Kəpəz” kubokunu qoruduğu mövsümdə “Qızıl dubl”a imza atmışdı. “Xəzər Lənkəran” və “Neftçi”nin 2-ci kubok seriyasında isə “Qızıl dubl” edən komanda növbəti il titullarından birini - çempionluğu əldən verib.

 

Qeyd edək ki, “Neftçi” ardıcıl kubokları Böyükağa Hacıyevlə qazanıb. Təcrübəli mütəxəssis Mehman Allahverdiyev və Ağasəlim Mircavadovdan sonra ardıcıl 2 dəfə kubokun qalibi olmağı bacaran 3-cü baş məşqçidir.