“İlk matçda 0:2 hesabı ilə məğlub olduğumuza görə cütün favoriti “Şiroki Briyeq”di. Amma nəzərə alaq ki, rəqib hər iki qolu bizim səhvlərdən yararlanaraq vurdu”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu deyib.
Sabah Avroliqanın ilkin təsnifat mərhələsi çərçivəsində baş tutacaq cavab oyunu – “Şiroki Briyeq” – “Qəbələ” matçı öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Dorinel Muntyanunun iştirakı ilə mətbuat konfransı keçirilib. Konfrans zamanı rumıniyalı mütəxəssis yerli jurnalistlərin suallarını cavablandırıb.
Muntyanu növbəti mərhələyə çıxmağa çalışacaqlarını bildirib: “Oyunu ətraflı təhlil etmişik. Sabah bu səhvləri təkrarlamadan və sonadək mübarizə aparmaqla turu keçməyə çalışacağıq. İtiriləcək heç bir şeyimiz olmadığına görə əsasən hücumu düşünəcəyik. Rəqibimiz yaxşı təşkilatlanmış kollektivdir. Onların futbolçularından kimisə fərqləndirmək istəməzdim”.