Draqan Çeran: Zaqatalada yaşamaq çox çətindir - MÜSAHİBƏ
04.04.2014 - 11:08
Draqan Çeran: Zaqatalada yaşamaq çox çətindir - MÜSAHİBƏ

“Simurq”un serbiyalı legioneri Draqan Çeran klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, komandasının bombardiri olan hücumçu Zaqatala təmsilçisinin çıxışını dəyərləndirib.

 

- “Simurq”a keçidiniz necə gerçəkləşdi?

- Mövsümün əvvəlində bir çox təkliflərim var idi. Ancaq bir gün menecerim zəng etdi və Azərbaycanda oynamaq istəyib-istəməməyimi soruşdu. Agentim sualını “Simurq”dan rəsmi təklif olması ilə izah etdi. Mən də müsbət cavablandırdım və komandanın düşərgəsinə qoşuldum. Danışıqlar apardıq və müqavilə imzaladıq.  

 

- Bu qərara görə  peşman deyilsiniz?

- Xeyr, əksinə vaxt ötdükcə düzgün qərar verdiyimə əmin oluram. Buradakı vəziyyətimdən çox razıyam.

- Hücumçu kimi oynamaq rahatdır, yoxsa pleymeyker?

- Hücumçudan hər kəs hər zaman qol gözləyir. Bu zaman da, futbolçu üzərində daima təzyiq hiss edir. Ancaq pleymeyker oynamaq mənə çox rahatdır. Çünki “Simurq”a qədər karyeram ərzində yalnız o mövqedə oynamışam. Ancaq bura gəldikdən sonra məşqçi mənə hücum xəttində şans verir. Çalışıram ki, bu işin öhdəsində bacardığım qədər gəlim. Oyunlar da göstərir ki, bu mövqedə də pis deyiləm.

- “Simurq”un mövsümün arxada qalan hissəsindəki çıxışını necə dəyərləndirirsiniz?

- Bəzi oyunlarda çox yaxşı nəticələr qazandıq, bəzilərində isə yox. Ümumi baxsaq, göstərdiyimiz nəticələrdən heç də razı deyiləm. Hətta elə oyunlarda oldu ki, meydanda rəqibdən üstün oynadığımız halda məğlub olduq və ya heç nədən xal itirdik. Bu da bizə turnir cədvəlində pis təsir etdi. Ancaq ümidsiz deyiləm. Hələ qarşıda bizim səkkiz oyunumuz var.

- Artıq mövsümün sonu yaxınlaşır. Karyeranızı burada davam etdirmək istəyirsiz?

- Hazırda bu məsələ açıq qalıb. Ancaq niyə də olmasın. “Simurq”da özümü çox yaxşı hiss edirəm. Komandada yaxşı insanlar çalışır. Klub prezidentindən və məşqçilərimdən razıyam. Əgər “Simurq” növbəti mövsümdə məni heyətində saxlamaq istəsə, bunu müsbət dəyərləndirəcəm.

- “Simurq”un heyətində ən çox yadınızda qalan oyun hansıdır?

- Heç bir oyunu unutmaq istəmirəm. Fikrimcə, istədiyim səviyyədə oynamaq üçün geridə qalan qarşılaşmaları yaddan çıxarmamalıyam. Etdiyim səhvləri xatırlayıb, onları düzəltməyə çalışmalıyam. Ancaq belə qalib gəldiyimiz heç bir qarşılaşmanı unutmamışam 

 

- Komandanın ən məhsuldar futbolçususunuz. Çempionatın sonuna qədər qollarınızın sayını çoxaltmaqla bağlı hədəfiniz var?

- Vurduğum bütün qollar mənim yox, bütün komandanın məhsuludur. Əlbəttə, oyunda fərqləndiyim vaxt çox sevinirəm. Ancaq qol vurmaqdan çox, hər zaman komandamızın sonda qazanacağı müsbət nəticəni fikirləşirəm. Mənim üçün əsas hədəf “Simurq”un qələbəsidi.

- Zaqatalada vaxtınızı neçə keçirirsiniz?

- Düzün desək, Zaqatalada yaşamaq çox çətindir. Ancaq biz peşəkarıq. Buna görə də, ancaq futbol haqqında düşünməliyik və bütün diqqətimizi buna yönəltməliyik. 

- Azərbaycan yeməkləri ilə aranız necədir?

- Yeməkləriniz çox yaxşıdır. Böyük əksəriyyətini bəyənirəm.

- Azarkeşlərimiz haqqında nə deyərdiniz?

- Onlar möhtəşəmdirlər. Harada oynamağımızdan asılı olmayaraq gəlib bizi dəstəkləyirlər. Hər bir qələbəmizdə onların rolu böyükdür. Buna görə təşəkkür edirəm və bizi daima dəstəkləmələrini istəyirəm 

- Sizcə “Simurq” mövsümü hansı pillədə başa vuracaq?

- Biz hələ Avroliqaya düşmək şanslarını itirməmişik. Buna görə də, son oyuna qədər mübarizə aparacağıq. Qarşıda səkkiz tur var və bu görüşlərdən maksimum xal toplamağa çalışacağıq. Bu futboldur. Hər şey ola bilər. Həvəsdən düşməməliyik.