Afrika futbolunun əfsanələrindən olan Didye Droqba karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Qalatasaray” klubundan ayrılacağını açıqlayan 36 yaşlı hücumçu azad agent statusu ilə Premyer Liqa komandalarının birində forma geyməyə yaxındır.
Belə ki, Droqba heyətində məşhurlaşdığı “Çelsi”, həmçinin “Liverpul”un maraq dairəsindədir. Lakin “Cim-Bom” da yüksək səviyyəli futbolçunu heyətində saxlamaq niyyətindədir. İstanbul təmsilçisi Didye ilə yeni müqavilə imzalamağa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, 2004-12-ci illərdə “Çelsi”də çıxış edən Droqba yarım illik Çin macəralarından sonra, 2013-cü ilin yanvarında “Qalatasaray”la 18 aylıq müqavilə imzalamışdı. Afrikalı son mövsümdə “Cim-Bom”un heyətində 32 oyuna 12 qol vurub.