Dünya futbolu tarixində ilk dəfə mundialın finalı 3-cü dəfə eyni komandaların iştirakı ilə keçiriləcək. Apasport.az saytının məlumatına görə, Braziliyadakı XX dünya çempionatının həlledici matçına vəsiqə qazanan Argentina və Almaniya 1986 və 1990-cı illərdə də finalda üz-üzə gəlmişdilər. Düzdür, həmin vaxt sonuncular yarışa AFR kimi qatılmışdı.
Mundiallar tarixində bunadək heç vaxt eyni cütlük 3 final oynamayıb. Bu üzdən Braziliyadakı həlledici matç ilk olacaq.
Əvvəlki 19 finalda Braziliya – İtaliya və Argentina – AFR qarşılaşmalarının hərəsi iki dəfə oynanılmışdısa, digər 15 duel 1 dəfə qeydə alınmışdı. Bu dəfəki matç Avropa və Cənubi Amerika təmsilçilərinin üz-üzə gəldiyi 10-cu finalı olacaq.
Qeyd edək ki, 1986 və 1990-cı illərdəki finallar əfsanəvi Dieqo Maradonanın iştirakı ilə keçirilib. 28 il əvvəl onun komandası 3:2 hesablı çətin qələbə qazanmışdısa, 1990-cı ildə almaniyalılar matçın sonlarındakı mübahisəli penalti ilə qalib gəlmişdilər – 1:0.
Bütün finallar
1930. Uruqvay – Argentina – 4:2
1934. İtaliya – Çexoslovakiya – 2:1, əlavə vaxtda
1938. İtaliya – Macarıstan – 4:2
1950. Uruqvay – Braziliya – 2:1*
1954. AFR – Macarıstan – 3:2
1958. Braziliya – İsveç – 5:2
1962. Braziliya – Çexoslovakiya – 3:1
1966. İngiltərə - AFR - 4:2, əlavə vaxtda
1970. Braziliya – İtaliya – 4:1
1974. AFR – Hollandiya – 2:1
1978. Argentina – Hollandiya – 3:1, əlavə vaxtda
1982. İtaliya – AFR – 3:1
1986. Argentina – AFR – 3:2
1990. AFR – Argentina – 1:0
1994. Braziliya – İtaliya – 0:0, pen.3:2
1998. Fransa – Braziliya – 3:0
2002. Braziliya – Almaniya – 2:0
2006. İtaliya – Fransa – 1:1, pen.5:3
2010. İspaniya – Hollandiya – 1:0, əlavə vaxtda
Qeyd: 1938-ə qədər və 1994-dən Almaniya kimi çıxış edən yığma 1950-1990-cı illərdə iki komanda – AFR və ADR kimi yarışlara qatılıb.
* - final oyunu keçirilməyib. 4 komandalı final mərhələsinin son turunun qarşılaşması isə həlledici xarakter daşıyıb.