Dünya çempionatı zamanı “sarı qızdırma” təhlükəsi
13.05.2014 - 00:45
Dünya çempionatı zamanı “sarı qızdırma” təhlükəsi

Braziliya hökuməti dünya çempionatına baxmaq üçün ölkəyə gəlməyə hazırlaşan xarici azarkeşlərə “sarı qızdırmaya” qarşı peyvənd olunmaları barədə xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, bu virus ağcaqanadlar vasitəsilə yayılır.

 

Formal olaraq, Braziliyaya səfər zamanı bu xəstəliyə qarşı peyvənd barədə sənəd tələb olunmur. Çünki ölkənin böyük hissəsində “sarı qızdırmanın” kökü kəsilib. Amma Braziliyaya səfər öncəsi peyvənd olunmaq ağıllı addım olaraq qalır.

 

Braziliya Səhiyyə Nazirliyi ölkəyə gələn turistlərin qızılca və məxmərəyə qarşı da peyvənd olunmalarını istəyir. Bu xəstəliklər artıq bir neçə ildir Braziliyada qeydə alınmır və hökumət turistlərin onları ölkəyə gətirə biləcəyindən narahatdır.

 

Qeyd edək ki, iyunun 12-dən iyulun 13-nə qədər keçiriləcək dünya çempionatı zamanı ölkəyə 600 min azarkeşin gələcəyi gözlənilir.