Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatında topa ilk simvolik zərbəni aşağı ətrafları iflic olan uşaq vuracaq. Apasport.az saytının məlumatına görə, əlil uşağın topa zərbə endirə bilməsi üçün ona xüsusi hazırlanan robot-kostyum geyindiriləcək.
İstifadəçinin beyni tərəfindən idarə edilən robot-kostyum yüngül qatqılardan və hidravlik mexanizmlərdən ibarətdir və xüsusi olaraq iflic olmuş şəxslər üçün nəzərdə tutulub. Kostyumu Münhen Texniki Universitetinin əməkdaşı Qordon Çenq hazırlayıb.
Robot-kostyum 2 saat fasiləsiz istifadə üçün nəzərdə tutulan batareya ilə işləyir. Onu 9 nəfər sınaqdan keçirib və həmin şəxslərdən biri də dünya çempionatına start verəcək.
Xatırladaq ki, turnirin açılış matçı iyunun 12-də baş tutacaq. İlk görüşdə meydan sahibləri Braziliya yığması ilə Xorvatiya millisi üz-üzə gələcək.