“Tayfun Korkutla çalışdığım üçün qürur duyuram. Türkiyə millisinin heyətində 48 matça çıxmış, “Fənərbaxça” kimi böyük bir klubun formasını geyinən tanınmış bir futbolçudur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının və Almaniyanın “Hannover 96” klubunun futbolçusu Əli Gökdəmir deyib.
Yığmamızın türk əsilli 22 yaşlı müdafiəçisi hazırda “Hannover 96”nın əsas heyəti ilə Antalyada toplanışdadır. Türkiyə mətbuatına müsahibə verən Gökdəmir Tayfun Korkutun baş məşqçi postuna gətirilməsini dəyərləndirib: “Hazırlığımız yaxşı gedir. Baş məşqçi dəyişikliyindən sonra yeni taktika və futbol anlayışı ilə oynayırıq. İlk yoxlama matçında “Herta” ilə qolsuz bərabərə qaldıq. Baş məşqçimiz bütün futbolçulara şans verdi. Sabiq çalışdırıcımız Mirko Slomka güclü rəqiblərlə görüşlərdə gəncləri meydana buraxmazdı”.
Gənc futbolçu özünü yaxşı hiss etdiyini və əsas komandaya kömək etməyə hazır olduğunu söyləyib: “Ötən mövsüm aldığım zədə səbəbi ilə cari çempionatda əsas komanda ilə matça çıxa bilmədim. Belimdə ağrılar vardı. Sabiq baş məşqçiyə formamı qorumaq üçün ikinci komandada oynamaq istədiyimi söylədim. Hazırda özümü yaxşı hiss edirəm və belə də davam etməsini istəyirəm”.
Qeyd edək ki, Tayfun Korkut “Hannover”in baş məşqçisi postunda Mirko Slomkanı əvəzləyib. Əli Gökdəmirin komandası hazırda Almaniya Bundesliqasında 18 xalla 13-cü pillədədir.
Əli Gökdəmir: Tayfun Korkutla çalışdığım üçün qürur duyuram
17.01.2014 - 11:24
0
0