Topaz Premyer Liqasının XX turu çərçivəsində evdə “Simurq”la bərabərə qalan “Neftçi” günahı hakimlikdə görmüşdü. Paytaxt klubunun günahlandırdığı qarşılaşmanın baş hakimi Əliyar Ağayev apasport.az saytına açıqlamasında məsələyə qısa şərh verib.
FİFA dərəcəli referi “Neftçi”nin irad kimi bildirdiyi epizodlara qiymət verməyi mətbuatın öhdəliyinə buraxıb: “Oyun barədə danışa bilmərəm, buna icazəm yoxdu. Ona görə də epizodları dəyərləndirə bilmərəm. Son iki gündə saytları izləmişəm, bu barədə yazılanlardan xəbərim var. Hesab edirəm ki, mətbuat özü olanlara, göstərilən həmin epizodlara haqlı qiyməti verib. Mənə sadəcə, bir şey maraqlıdı ki, niyə hansısa komanda büdrəyəndə səhvi hakimlərdə axtarır?”
Qeyd edək ki, “Neftçi” - “Simurq” oyunu 0:0 hesabı ilə başa çatmışdı.