Əliyar Ağayev erməni ilə birgə işindən danışdı - MÜSAHİBƏ
22.05.2014 - 13:30
Əliyar Ağayev erməni ilə birgə işindən danışdı - MÜSAHİBƏ

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin apasport.az saytına müsahibəsi

 

- Bu günlərdə 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarını idarə etdiniz. Ab-hava necə idi?

- Çox yaxşı. Biz  - 6 hakim və 8 referi köməkçisi mayın 5-də artıq Maltada idik. İlk gündən hakimlər arasında münasibət yaxşı idi. Hakim-inspektorlar fransız Mark Bate və yunan Kiros Vassaros oyunları izləyir, yekunda qiymətləndirirdilər. Onlar əsas məqsədlərdən biri kimi gənc hakimlərin meydanda bir-birini başa düşməsi, eləcə də ünsiyyət qurmasına nail olmağı qeyd edirdilər. Maraqlı müzakirələr, məşq prosesi keçdik.

 

- İlk dəfə bu cür məsul turnirdə iştirak etdiniz. Buna baxmayaraq, idarə etdiyiniz İsveçrə - Şotlandiya görüşü həlledici qarşılaşma idi. Yəni, qalib yarımfinala yüksələcəkdi. Həyəcanlı idiniz?

- Həyəcan hər oyundan əvvəl olur. Bu, təbii haldır. Həyəcan olmasa, meydana məsuliyyətsiz çıxırsan. Sadəcə, ilk fitə qədər həyəcanımı boğur, sonra isə sırf oyun haqda düşünürəm. Bəli, Malta - Hollandiya oyunu ilə müqayisədə İsveçrə - Şotlandiya matçı daha maraqlı alındı. Həm məsuliyyət, həm də sürət baxımdan bunu deyirəm. İki fərqli hissə izlədik. Fasiləyə qədər İsveçrə üstün tərəf idi. Amma rəqib baş məşqçi sonradan oyunun taleyini dəyişməyi bacardı. Onun iki əvəzetməsi Şotlandiyanın qələbəsini təmin etdi.

 

- Malta – Hollandiya qarşılaşmasında yan xətt hakimlərindən biri erməni idi. Buna görə hansısa narahatçılıq keçirirdinizmi?

- Çəkinmirdim, sadəcə, 1 faiz də olsa inamsızlıq var idi. Digər tərəfdən, bu elə bir müsabiqə idi ki, hər kəs nəyə qadir olduğunu göstərməyə çalışırdı. Çünki bu, gələcək karyera üçün  vacib idi. Bu səbəbdən özümü göstərməli idim. Əslində, birinci təyinat zamanı erməni mənim köməkçim deyildi. İsveçrə - Portuqaliya qarşılaşmasını idarə edəcəkdim. Sonradan gecə ilə təyinatları dəyişdilər. Baxdılar ki, 2 referi eyni komandanın ikinci oyununu idarə edəcək. Buna yol verməmək üçün bu addımı atdılar. Buna görə də erməni laynsman köməkçim oldu.

 

- Adətən münaqişəli ölkələrin eyni qrupda yer almamağı üçün UEFA maksimum fəallıq göstərir. Bəs bu dəfə bunu niyə nəzərə almadılar?

- Mənim hansısa fikir bildirməyim düzgün çıxmazdı. Çünki təyinatı UEFA verir. Onlar əvvəlcədən hər şeyi nəzərə alırlar. Oyun ərzində problem də yaşamadıq.

 

- Erməni hakim sizə normal kömək edə bildimi?

- Norveçli köməkçi Daq-Roqer Nebben ondan həm fəal, həm də təcrübəli idi. Erməni isə künc zərbəsi və autlar zamanı kömək edirdi. Onda qeyri-adi heç nə görmədim.

 

- Hansı yeniliklərin şahidi oldunuz?

- İlk dəfə “Vanishing spray”dən istifadə edəcəyimizi bildirdilər. Halbuki əvvəldən bu haqda məlumat verilməmişdi. Həmin cihaz vasitəsilə cərimə zərbəsi zamanı canlı səddin yerini dəqiqləşdirirsən. Bu, bizim üçün maraqlı alındı. Həmin cihazlar oyundan bir gün əvvəl mayın 8-də gecə vaxtı gətirildi. Təsəvvür edin ki, axşam saat 10-da məşqə çıxıb, onları praktiki olaraq yoxlamışıq. Müəyyən qədər narahatçılıq yaratsa da, çox kömək etdiyini vurğulamalıyam. Adətən canlı səddi qurduqdan sonra futbolçular 1-2 metr irəli gəlməklə məsafəni qısaldırlar. Ancaq “Vanishing spray”lə xətti çəkdikdən sonra onlar irəli gələ bilmirdilər. UEFA bunu pilot layihə kimi tətbiq edir.  

 

- Turnirdən sonra hakim-inspektorların fikri necə oldu?

- Həm Bate, həm də Vassarosla şəxsi söhbətimiz oldu. 30-35 dəqiqə davam edən söhbət zamanı hiss etdim ki, təəssüratları yüksəkdir. Hətta onlar məni təəccübləndirdilər. Təsəvvür edin, ötən il, eləcə də bu il hansı oyunları idarə etdiyimi, eləcə də hansı qiymətə layiq görüldüyümü dedilər. Bir sözlə, oyunlarımı izlədiklərini, bu cür davam etdirməyi, I qrupa yüksəlməyi qarşıma məqsəd kimi qoymağı tövsiyə etdilər. Təbii ki, səhvlərimiz də olurdu. Hər oyunun ertəsi gün həm hakim-inspektorunla, həm də ümumi şəkildə idarə etdiyin oyunun müzakirəsini aparılırdı.

 

- Topaz Premyer Liqası başa çatdı. Çempionat necə keçdi?

- Həqiqətən də ildən-ilə oyunların səviyyəsi yüksəlir. Gərgin mübarizələrin şahidi olduq. Çətin oyunlar da oldu, səhvlərimiz də oldu. Səhvsiz insan yoxdur. Amma razılaşaq ki, çempionat maraqlı keçdi.

 

- Müəyyən oyunlar oldu ki, baş məşqçilər hakimlərdən narazılığını dilə gətirdi. Bu cür açıqlamalar hakimlərə necə təsir edir?

- Bəzən uduzan komanda səhvi hakimlərdə axtarır. Amma haqlı iradlar olanda onu qəbul edir, barışırdıq. Haqsız olduqları zaman isə üstündən ötəri keçirdik. Bu tək bizdə yox, bütün dünyada baş verir.

 

- Hansı komandaların iştirakı ilə keçirilən oyunlar daha maraqlı alınırdı?

- Əksəriyyət iddialı komandaları düşünəcək. Ancaq bir dəfə “Rəvan” – “Sumqayıt” oyununu idarə etdim. Bəlkə də çempionatda həmin oyundakı kimi sürətli qarşılaşma idarə etməmişdim. Hər iki komandanın üzvləri əsasən gənclər olduğundan, sona qədər mübarizə aparır, oyunun tempinin aşağı düşməsinə imkan vermirdi. Bəzi görüşlərdə də olur ki, komandalar özləri oyunun müəyyən hissəsində sürəti aşağı salır. Onda hakim də dincəlmək üçün vaxt tapır. Ancaq adını çəkdiyim oyundan isə əksini müşahidə etdim. Autsayderlər qrupunda yer alsalar da, bir-birinə qarşı yaxşı mübarizə apardılar.

 

- Ölkə kubokunun finalında idarə edəcəyiniz “Qəbələ” – “Neftçi” matçından sonra mövsümə yekun vurulacaq. Dincəlmək üçün plan qurmusunuz?

- İyulda da toplanış olacaq. Ona görə mütləq dincəlmək lazımdır. Peşəkar idmançının dincəlməyə çox zaman ayırması da düzgün deyil. İstirahət edəcəm, amma məşqlərimizi davam etdirmək şərti ilə.