Elnur Allahverdiyev: “Neftçi”də vəziyyət pisdir - MÜSAHİBƏ
06.03.2014 - 15:31
Elnur Allahverdiyev: “Neftçi”də vəziyyət pisdir - MÜSAHİBƏ

“Qəbələ” klubunun və Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi

 

- Filippinlə qarşılaşma sizdə hansı təəssürat yaratdı?

- Komandamız pis təsir bağışlamadı. Həm də yığma üzvləri uzun müddət idi bir yerə yığışmırdılar. Məşq prosesində də hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışırdı. Oyundan da hiss olunduğu kimi, uşaqlarda müəyyən qədər yorğunluq var idi. Çünki 3 gündən bir çempiona oyununa çıxırdıq. Birinci hissədə daha yaxşı çıxış etdik. Yeni ilə qələbə ilə başlamağımız müsbət amildir.

 

- Matçın ikinci hissəsində üstünlük rəqibdə idi. Onlar daha çox hücumlar qururdular...

- Razıyam. Ancaq bizim müdafiə xətti də səhvsiz oynadı. Yaxşı müdafiə olunduq. Qol vurmalarına imkan vermədik.

 

- Bu yorğunluqdan irəli gəlirdi, yoxsa heyətdə yeni futbolçuların çoxluğundan?

- Yeni futbolçular, heyətin qarışıq olması, bəzi futbolçuların mövqelərinin dəyişdirilməsi, bunlar hamısı təsir edən məqamlardan idi. Üstəlik, əsas heyətin bir neçə oyunçusu -Mahir Şükürov, Rahid Əmirquliyev, Rasim Ramaldanov, Maksim Medvedev, Vüqar Nadirov toplanışda yox idi. Təbii ki, onların yoxluğu hiss olundu.

 

- Bu dəfə müdafiə xəttində daha çox dəyişiklik edilmişdi. Anlaşma necə idi?

- Pis deyildi. Sadəcə, onlar gəncdirlər. Beynəlxalq oyun təcrübəsi çatışmırdı. Vacib olan qələbə qazanmaq idi. Qarşıda daha vacib oyunlarımız var.

 

- Millinin növbəti rəqibi ABŞ yığmasıdır. Dünya çempionatında iştirak edəcək bu komanda haqda nə deyə bilərsiniz?

- ABŞ-la qarşılaşacağıq? Harda?

 

- San-Fransiskoda...

- Maraqlı qarşılaşma olacaq. Əlimizdən gələni edəcəyik.

 

- Bir qədər də “Qəbələ” haqda danışaq. Həftəsonu “Neftçi” ilə qarşılaşacaqsınız.

- Bizim üçün vacib oyundur. Düzdür, rəqib 5 oyundur qələbə qazana bilmir. “Neftçi”də vəziyyət pisdir. Buna görə də uğursuzluqdan çıxmaq üçün əllərindən gələni edəcəklər.

 

- Əvvəlki 2 oyunda “Neftçi”yə məğlub olmusunuz. Bu dəfə rəqibin bu üstünlüyünü dəf edə biləcəksinizmi?

- Yaxşı oyun və qələbə ilə tilsimi sındırmağa çalışacağıq.

 

- Son 3 ev oyununda 3 xala həsrət qalmısınız. Doğma meydandakı bu uğursuzluq nədən qaynaqlanır?

- Futboldur, hər şey olur. Ola bilsin, arxayınlaşdıq. İndi də bunun əziyyətini çəkirik. Artıq toparlanmalı, əvvəlki “Qəbələ”ni geri qaytarmalıyıq.

 

- “Neftçi”nin enişdə olması, işinizə yarıyacaqmı?

- Yarıyacaq. Ancaq onların enişdə olduğunu demək olmaz. Qarşımızdakı komandanın “Neftçi” olacağını unutmamalıyıq. Bu komandanın öz oyun üslubu var. Oyuna ciddi yanaşırıq. Hər şeyi meydanda göstərəcəyik.

 

- Komanda yoldaşlarınızla münasibətiniz necədir? Bir ara xüsusilə də “Rəvan”la qarşılaşmadan sonra bir neçə futbolçu ilə aranızda mübahisə yaranmışdı.

- Hər şey yaxşıdır. Olanlar meydanda qaldı. Komanda uduzanda adam əsəblərinə hakim ola bilmir.

 

- Bununla bağlı baş məşqçinin iradı oldumu?

- Əlbəttə, iradını bildirdi. Başa düşdük ki, peşəkar futbolçuya yaraşmayan hərəkətə yol verdik.

0