AFFA-nın baş katibi Elxan Məmmədov az öncə keçirilən Klublar Komitəsinin iclasından sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
- Klublar Komitəsinin ilk iclası keçirildi. İştirak etdiyiniz toplantı haqda nə deyə bilərsiniz?
- Bu gün ilk görüş idi. Futbol dili ilə desək, topa ilk toxunuş idi. Əsasnaməni təqdim etdik. Bəzi təkliflər də irəli sürüldü.
- Belə çıxır ki, iclasın əsas mərhələsi hələ indi başlayır?
- Belə demək mümkündü. Ramin müəllimlə (PFL prezidenti Ramin Musayevi nəzərdə tutur-red.) özümüz çıxdıq ki, qoy, klublar özləri seçim etsinlər. Sabah da hər hansı söz-söhbət olmasın. Hər şey şəffaf şəkildə keçirilsin. Toplantı başa çatdıqdan sonra kimin sədr seçildiyini biləcəksiniz.
- Bəzi klublar komitənin əsasnaməsində müəyyən dəyişikliklərin edilməsinin tərəfdarı olduqlarını vurğulayıblar. İclasda hansısa təkliflər irəli sürüldü?
- Təbii ki, təkliflər oldu. Klub nümayəndələri bəzi dəyişikliklər irəli sürdülər. Biz də İcraiyyə Komitəsinin iclasında bütün bu məsələləri müzakirə edəcəyik. Sırf hansı tələblərin olduğunu iclasdan sonra bizə məlumat veriləcək. Əsas məqsəd odu ki, futbolumuzu inkişaf etdirək. Ölkə futbolunu inkişaf etdirmək tək AFFA-nın işi deyil. Klublar bunun üçün daha çox çalışmalıdırlar. Çünki 5-6 il sonra bizi məsul sınaq, AVRO-2020 gözləyir.
- İclasda xüsusi futbol kanalının yaradılması təklif edildi?
- Yox, bununla bağlı heç bir söhbət getməyib. Mən öncədən demişəm ki, çempionatın oyunları mütləq yayımlanmalıdı. Bir neçə tur əvvəl “Xəzər Lənkəran” - “Neftçi” oyunu baş tutdu ki, həmin qarşılaşma televiziya vasitəsi ilə canlı yayımlanmırdı. Bu, düzgün deyil. Axı, hamının stadiona getmək imkanı yoxdu. Kimisi xəstədi, kimisinin gəlmək imkanı yoxdu. Həm də biz Bakıda oturub, Almaniya, İtaliya, İspaniya çempionatlarının oyunlarına baxırıqsa, niyə öz çempionatımıza baxmayaq? Belə olan halda, hansı inkişafdan danışa bilərik? Təkcə Premyer Liqanın deyil, I divizionun, eləcə də aşağı yaş qrupları üzrə keçirilən çempionatların oyunları yayımlanmalıdı. Bu, sağlam həyat tərzinin təbliğatıdı.
- Olmaz ki, ölkə futbolunu təbliğ edən sırf futbol kanalı yaradılsın? Məsələn, Rusiyada bu baxımdan “Naş futbol”un adını çəkmək olar. “İdman Azərbaycan” kanalı ölkə futboluna lazımı qədər diqqət ayrılmır. Bəzən orada öküz döyüşləri belə görmək mümkündü...
- Mənə maraqlıdı, həmin öküz yarışlarına baxan var? “Naş futbol”un yaradıcısı yox, amma müdiri azərbaycanlıdı. Mən təxminən 3 ay əvvəl onunla AFFA-da görüşdüm. Əvvəl onun azərbaycanlı olduğunu bilmirdim. Otağımda 1 saata yaxın rus dilində söhbət etdik. Sonra telefonuma zəng gəldi və dedim ki, “rus qonağım var”. Bu zaman həmin şəxs dedi ki, “mən azərbaycanlıyam”. Məlum oldu ki, adı İlhamdı, 16 ildi artıq Rusiyada yaşayır. Onunla xeyli müzakirələr apardıq. Bu məsələnin üzərində işləməliyik. Oyunların yayımlanmasında mətbuatın da köməyinə ehtiyac var.
- Bəzi klublar İcraiyyə Komitəsinin qərarını yerinə yetirmirlər. Konkret olaraq, “Simurq”da hələ də Müşahidə Şurası yaradılmayıb. Bununla bağlı hər hansı bir cəza nəzərdə tutulub?
- Bu məsələni son iclasda müzakirə etdik. Amma konkret qərar qəbul olunmadı. Bunun səbəblərini araşdırmalıyıq. Elə Klublar Komitəsindən də bu məsələlərdə fayda gözləyirik.
- Məşqçilər Komitəsi U-21-in baş məşqçi postuna konkret namizəd irəli sürüb?
- Məşqçilər Komitəsi fəaliyyətinə çox aktiv başlayıb. Hazırda müzakirələr gedir. Hələ ki konkret namizədlər irəli sürməyiblər. Amma 1 yox, daha artıq namizəd olacaq. Sonra isə namizədlərin siyahısını AFFA rəhbərliyinə təqdim edəcəyik. Gələn həftə Məşqçilər Komitəsi mənə namizədlərin siyahısını verəcək.
- Namizədlər arasında əcnəbilər də olacaq?
- Bəli, olacaq. Çünki İcraiyyə Komitəsi qərar qəbul edib ki, həm yerli, həm də əcnəbi namizədlər olsun.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı