“Fənərbaxça”nın 15 yaşadək futbol komandasının baş məşqçisi Əngin Kabaşın apasport.az saytına müsahibəsi
- Meydan sahibi “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəlməklə yarımfinala adınızı ilk yazdıran komanda oldunuz...
- İlk 5 dəqiqə istisna olmaqla, oyunun əvvəlindən sonunadək üstün tərəf biz idik. Çünki ilk 5 dəqiqədə küləyə qarşı oynadıq. Sonra qalan 35 dəqiqədə matça hakim kəsildik. Rəqibə qol vəziyyəti yaratmağa imkan vermədik. Biz daha çox qol vəziyyəti təşkil etdik. Bunun nəticəsi də olaraq hesab belə bitdi.
- Aşağı yaş qruplarından ibarət komandalar arasında belə səviyyə fərqi nədən irəli gəlir?
- Təbii ki, “Qəbələ” yeni qurulan komanda olduğu üçün onların işi infrastruktur düzəltmə yönündədir. Biz isə 100 illik camiəyik. Təbii olaraq oyunçular arasında səviyyə fərqi olur. Onlar da çox yaxşı mübarizə apardılar. Bu futbolçular arasında böyük uçurum var demək də düzgün olmaz. Biz də oyunu məğlub tərk edə bilərdik. Qələbə və məğlubiyyəti düşünmürük. Səbəbi də budur: bunlar uşaqdır...
- “Fənərbaxça”nın bu turnirdə hədəfi nədir?
- Dediyim kimi, bu futbolçular 15 yaşadək oyunçulardır. Paltardəyişmə otağında uşaqlara həmişə deyirəm ki, rəqiblərin meydanda nə etdiyi bizim üçün maraqlı deyil. Əsas məsələ bizim orada nəyi edə biləcəyimizdir. Təbii ki, ortada kubok varsa, onu əldə etməyə çalışacağıq. Ancaq buna nail ola bilməsək də, heç bir problem yoxdur.
- I “Qəbələ Kuboku”nda “Qalatasaray” çempion olmuşdu. Sizin əzəli rəqibiniz olan komanda bu turnirin qalibi olubsa, siz də bu arzu ilə yaşayırsınız?
- Biz “Fənərbaxça”yıq. Kuboku qazanmağı uşaqlar da arzu edir. Ancaq “Qalatasaray” bu kuboku qazanıbsa, biz hökmən qazanmalıyıq deyə bir şey yoxdur. “Qalatasaray”ı təbrik edirəm.
- Azərbaycan futbolu haqqında nə bilirsiniz?
- Futbolunuz inkişaf yolundadır. “Qəbələ” Akademiyasında türk məşqçilər var. Onların sayəsində klubunuzda yaxşı futbolçular düzgün yolla inkişaf edəcək.
- “Fənərbaxça”nın sabiq baş məşqçisi Mustafa Dənizlinin ölkəmizdə çalışmasını bilirdiniz. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, bu haqda məlumatım var. Mustafa Dənizli kimi məşqçilər elit kateqoriyalı məşqçilərdir. Biz isə aşağı yaş qrupları üzrə futbolçuları hazırlaşdırırıq. Ona görə də öz işimizlə məşğuluq.