Ernest Nfor bağışlanmasının səbəbini açıqladı
13.02.2015 - 13:53
Ernest Nfor bağışlanmasının səbəbini açıqladı

"Məşqçilər heyətinin qərarına əsasən 5 gün əvəzedici komandanın düşərgəsində oldum. Məşqçilər "Simurq" və "Xəzər Lənkəran"a qarşı oyunlarda mənə şans verdilər”. Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu Ernest Nfor deyib.

 

“Neftçi”nin baş məşqçisi tərəfindən əfv edilən və yenidən əsas komandaya qoşulan kamerunlu hücumçu klubun rəsmi saytına açıqlamasında bu məsələyə toxunub: “Sevinirəm ki, əvəzedicilərdə olarkən keçirilən qarşılaşmalarda istədiyim oyunu göstərə bildim və 2 oyunda 6 xal qazandıq. Bundan sonra baş məşqçi Arif Əsədova müraciət edərək əsas komandaya qayıtmaq üçün özümü hazır hesab etdiyimi dedim. O da öz növbəsində məni anlayışla qarşıladı və müraciətimə müsbət cavab verildi. Çalışacağam ki, bundan sonra da iştirak edəcəyim oyunlarda komandama mümkün qədər faydalı olum".

 

Qeyd edək ki, Ernest Nfor bir müddət əvvəl məşqlərdə və oyunlarda aşağı səviyyədə çıxış etməsi və intizamsızlığı səbəbindən əvəzedici heyətə göndərilmişdi.