Millimizin martda Birləşmiş Ərəb Əmirliklərində keçirəcəyi təlim-məşq toplanışı zamanı rəqiblərindən olacaq Filippin yığmasının planlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi ilin ilk oyununu qonşu ölkələrdən olan Malayziyaya qarşı keçirəcək.
Malayziya ilə oyun rəqib meydanında - paytaxt Kuala-Lumpurun Selayanq qəsəbəsində baş tutacaq. “Selayanq Munisipal Kounsil” stadionunda olacaq görüş martın 1-də keçiriləcək. Bundan sonra isə Filippin yığması Pakistanda turnirdə iştirak edəcək. Daha sonra isə Dubay və Qətərdə yoldaşlıq oyunlarının keçirilməsi nəzərdə tutulub. Mayda Maldiv adalarına Çağırış Kubokunun oyunu üçün yollanmazdan öncə isə Avropada da toplanışın keçirilmə ehtimalı var.
Qeyd edək ki, almaniyalı çalışdırıcı Mixael Vayssın postundan ayrılmasından sonra başsız qalan Filippin millisi yığmamızla məhz Dubayda görüşəcək. Asiyalılarla görüşümüzün FİFA-nın təqviminə daxil olan martın 5-də baş tutacağı gözlənilir.