“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin apasport.az saytına müsahibəsi
- Başa çatan mövsümlə bağlı nə deyə bilərsiniz?
- Uzun müddət idi həsrətində olduğumuz çempionluq kubokunu başımız üzərinə qaldırdıq. “Qarabağ” ilk dəfə Çempionlar Liqasında iştirak edəcək. Avropa Liqasında olduğu kimi, burada da qələbə qazanıb, azarkeşlərimizi sevindirəcəyik.
- Əsasən ehtiyatda qalırsınız. Bu vəziyyətdən razısınız?
- İlk dövrənin əksər görüşlərində meydana çıxsam da, fasilədən sonra cəmi bir dəfə forma geyindim. Buna baxmayaraq, nəticələrə sevinmək olar. Neçə illər idi çempion olmağı gözləyirdim. Bu istəyimə “Qarabağ”la çatdım.
- Qış fasiləsindən sonra komandanız çempionatda 18 oyun keçirib və siz cəmi bir matçda meydana çıxmısınız...
- Futbolda ehtiyatda da qalırsan, meydana da çıxırsan. Əsas heyətdə oynamaq istərdim. Ancaq seçim baş məşqçinindi. Bizim də işimiz həvəsdən düşməməkdir. Şans veriləndə, yenə maksimum istifadə edəcəyik.
- “Qarabağ”da ehtiyat qapıçı funksiyasını yerinə yetirirsiniz. Çünki Miro Varvodiç yeni gələn vaxtda da belə olmuşdu...
- Dana bilmərəm, ehtiyatda çox qalıram. Ancaq gələcəkdə nə baş verəcəyini indidən demək olmaz. Öz formamı saxlamağa çalışacam. Qurban Qurbanovun güvənini yerinə yetirməklə, komandaya xeyir vermək istərdim.
- Bu gün yerli qapıçılara ehtiyac var. Niyə oynaya biləcəyiniz komandalardan birinə üz tutmursunuz? Sizi “Qarabağ”a bu qədər bağlayan nədir?
- Bu komandada 7-ci mövsümümü keçirirəm. Özümü yaxşı hiss edirəm. Çoxlu oyunlarda iştirak etmişəm. Ciddi təklif olsa, fikirləşmək olar. Amma “Qarabağ”dan da ayrılmağı düşünmürəm. Açığı, elə ciddi təkliflərim də yoxdur.
- Millinin ABŞ-la yoldaşlıq görüşü üçün heyəti açıqlanan zaman adınız siyahıda var idi. Sonradan Amerikaya aparılmadınız. Maraqlandınızmı, baş məşqçi fikrini niyə dəyişib?
- Əvvəlcə əsas heyətdə yer vermişdilər. Sonradan ehtiyat heyətə daxil etdilər. Ora getmək nəsib olmadı. Yığmaya dönmək istəyirəm. Qarşıdakı mövsümdə buna nail olmaq üçün cəhd edəcəm.
- Belə düşünmək olarmı ki, Fərhad karyerasını “Qarabağ”a qurban verdi...
- Niyə ki? Karyeramı “Qarabağ”a qurban verməmişəm. Oynamaq istəyirəm. Həvəsdən düşmürəm.
- Çempionlar Liqasında necə, oynamaq şansınız varmı?
- Kollektiv olaraq ilk mərhələni adlamağı düşünürük. İşlərimiz də bu istiqamətdə gedir. Sonra nə qədər irəliləyə bilsək, bizə xeyirdir. Toplanışda həm də çempionata və Superkubok oyununa hazırlaşmalıyıq.
- Deməli, “Qarabağ”ın məqsədi Çempionlar Liqasından Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır?
- Bəli. Avropa Liqasının qrup mərhələsinə qısa yol Çempionlar Liqasından keçir. Biz də bundan istifadə edəcəyik.