“Biz Azərbaycan tərəfinin yoxlama oyunu keçirmək təklifindən imtina edə bilməzdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Filippin Futbol Federasiyasının (FFF) prezidenti Mariano Araneta deyib.
Qurum başçısı martın 5-də Azərbaycan və Filippin milliləri arasında yoxlama oyununun keçirilməsi ilə bağlı əldə olunan razılığa münasibət bildirib. O, 17 ildir qarşılaşmadıqları Avropa təmsilçisi ilə üz-üzə gəlmələrindən məmnunluğunu gizlətməyib: “Bu matç bizim üçün qüvvəmizə çox yaxşı baxış olacaq. Azərbaycanla görüş mayda Maldivdə keçiriləcək “Çağırış kuboku”nun final mərhələsinə hazırlıq baxımından faydalıdır”.
Qeyd edək ki, Filippin avropalılarla sonuncu dəfə 1997-ci ildə qarşılaşıb. Həmin vaxt asiyalılar Manilada Estoniyaya 0:1 hesabı ilə uduzub.