FİFA Neymara görə “Barselona”ya kompensasiya ödəyəcək
09.07.2014 - 22:40
FİFA Neymara görə “Barselona”ya kompensasiya ödəyəcək

 

FİFA Braziliya yığmasının hücumçusu Neymarın zədələnməsinə görə “Barselona” futbol klubuna kompensasiya ödəyəcək. Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçunun iş qabiliyyətini itirməsi FİFA-ya 238 min avroya başa gələcək.

 

Neymar iyulun 4-də Kolumbiya ilə 1/4 final matçı zamanı zədələnib. Onu meydandan xərəkdə çıxarıblar və sonradan onurğasının sındığı məlum olub. Həkimlərin proqnozuna görə, Neymar 40-45 gün ərzində sağalacaq.

 

Təsdiq olunmuş qaydalara görə, oyunçu ondan asılı olmayan səbəblər ucbatından 28 gün işsiz qalanda, kompensasiya ödənilməyə başlanılır. Beləliklə, Neymara görə kompensasiyanın ödənilməsi avqustun 2-dən başlanacaq. Braziliyalının “Barselona” ilə müqaviləsi ildə 5,1 milyon avro alacağını nəzərdə tutduğundan, FİFA hər gün üçün Kataloniya klubuna 13 min 972 avro ödəyəcək. Yekun məbləğ Neymarın sağalma müddətindən asılıdır.