“Neftçi” klubunun futbolçusu Flavinyo Braziliya mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, 31 yaşlı yarımmüdafiəçi Azərbaycandakı karyerasından danışıb.
- “Neftçi” klubundan təklif alanda nə düşündünüz?
- Düzü, bu klubdan təklif alana qədər Azərbaycan adlı ölkəni tanımırdım. Menecerim mənə belə bir təklifin olduğunu dedi. Bundan sonra internet vasitəsilə “Neftçi” və Azərbaycan haqqında məlumatlar toplamağa başladım. Həmyerlim Denis Silva ilə əlaqə saxladım. Mənə Azərbaycan və “Neftçi” haqda çox şeylər danışdı. Mən də ona qulaq asdım və Azərbaycanda oynayacağıma qərar verdim.
- Azərbaycana uyğunlaşmaqda problem yaşadınız?
- Öncə komandanın Türkiyədəki toplanışına yollandım. Hər şey əla idi. Həm də komandada olan digər braziliyalılar mənə uyğunlaşmağa kömək etdilər. Dil baxımından problem olur. Çünki Azərbaycan dili tam fərqlidir. Buna baxmayaraq, bu gün Azərbaycanda yaşamaq, futbol oynamaq mənim üçün çox rahatdır. İlk mövsümdəcə 14 qol vurdum ki, bu yaxşı göstərici idi.
- Azərbaycanda özünüzü daha yaxşı tərəfdən göstərə bildiniz?
- Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Azərbaycandakı karyeram mənə çox şey qazandırdı. Ona görə də özümü xoşbəxt sayıram. Hətta Azərbaycan millisində oynaya biləcəyim də deyilirdi. Amma nədənsə alınmadı.
- Bu 4 ildə Azərbaycanda nələr olub?
- Azərbaycan haqda kitab yaza bilərəm. Maraqlı geyimləri, həyat tərzləri var. Fərqli ölkədir. 2010-cu ildə də hər şey fərqli idi. İndi çox şeylər dəyişib. Müsəlman ölkəsidir, fərqli mədəniyyətə sahibdir. Bir dəfə Bakıda masajçı mənim əynimdə Braziliya millisinin şortikini gördü və məndən xahiş etdi ki, küçədə belə gəzməyim.
- Azərbaycan futbol ölkəsi kimi tanınmır. “Neftçi”nin azarkeşləri varmı?
- “Neftçi” bu ölkənin ən qədim klubudur. 70 illik tarixə malikdir. Azarkeşləri var. Amma stadionlara gəlmirlər və oyunlar boş tribunlar önündə keçirilir. Yalnız Avropa Liqasının oyunlarında stadiona 30 min azarkeş gəlirdi. Premyer Liqa qarşılaşmalarında isə maksimum 4000 və ya 5000 azarkeş ola bilər. Futbol bu ölkədə prioritet deyil.
- Siz Avroliqanın qrup mərhələsində oynamağı bacarmışdınız...
- Bəli, bu, çox böyük uğur idi. Həmçinin, Azərbaycan futbol tarixində ilk dəfə idi ki, hansısa klub avrokuboklarda qrup mərhələsinə yüksəlirdi.
- Amma ötən mövsüm avrokuboklarda “Skenderbeu”ya uduzmuşdunuz...
- Bu, bizim üçün uğursuzluq idi. Əslində, hər iki oyunda rəqibimizdən üstün olsaq da, uduzduq.
- Azərbaycan Qafqazda olan digər ölkələrə müqayisədə futbolda öndədir?
- Bunu dəqiq deyə bilmərəm. Amma onlar həm də müharibə şəraitində yaşayırlar. Ermənistanla Qarabağ problemi var. Azərbaycana qonşu ölkələrdən Rusiya futbolda çox güclüdür.
- Orada irqçilik problemi yoxdur?
- “Neftçi”də 4 braziliyalı futbolçu var. Məndən başqa Bruno Bertuççi, Denis Silva və Karlos Kardozo oynayır. İrqçilik yoxdur. İnsanlar çox mehriban və deyib-güləndir.
- “Neftçi” ilə müqavilənizi artırmısınız?
- Müqaviləmi yenilədim. Daha bir müddət orada qalmaq istəyirəm. Ondan sonra Braziliyaya qayıdıb, karyeramı burada davam etdirəcəyəm.
- Əmək haqqınız normaldır?
- Braziliya ilə müqayisə etsək, eynidir. Futbolçuya yaxşı pul verirlər.
- “Neftçi”nin sizə borcu var?
- Yox.