“Bavariya” futbol klubunun fransalı hücumçusu Frank Riberi mövsümü yüksək notda başa çatdırmaq istəyir. Apasport.az saytının məlumatına görə, Riberi bunun üçün Almaniya Kubokunun finalında “Borussiya”ya qalib gəlməli olduqlarını bildirib.
Xosep Qvardiolanın komandası ötənilki uğuru təkrar edərək çıxış etdiyi bütün turnirlərdə qalib gəlmək istəyirdi. Amma “Bavariya” Çempionlar Liqasının yarımfinalında “Real Madrid” tərəfindən darmadağın edilib. Riberi hesab edir ki, Berlindəki finalı uduzsalar, mövsümü uğurlu saymaq olmaz: “Bizə mütləq “Borussiya” üzərində qələbə lazımdır. O zaman mövsüm dərhal gözəl mövsümə çevriləcək. Almaniya Kubokunun finalında çıxış etmək hər zaman xüsusi hadisədir. Amma dortmundlular çox gözəl formadadırlar və bizə ciddi səy göstərmək lazım gələcək”.
Qeyd edək ki, “Borussiya” – “Bavariya” matçı şənbə günü Berlində keçiriləcək.