“Xəzər Lənkəran” klubunun braziliyalı hücumçusu Franko Nildonun apasport.az saytına müsahibəsi
- Yanvarın 4-dən etibarən Antalyada təlim-məşq toplanışındasınız. Hazırlıq prosesi haqda nə deyə bilərsiz?
- Hazırlıq yaxşı gedir, həvəslə çalışırıq. Düşünürəm ki, bu gərgin hazırlığın bəhrəsini çempionatda görəcəyik.
- Toplanış çərçivəsində iki yoldaşlıq görüşü keçirdiniz. Birincidə “Çaykur Rizəspor”la qolsuz heç-heçə etdiniz, ikincidə isə Superliqanın digər təmsilçisi - “Gənclərbirliyi”nə 0:2 hesabı ilə məğlub oldunuz. Həmin qarşılaşmaları necə dəyərləndirərdiniz?
- Bu oyunlar komandadakı çatışmazlıqları müəyyənləşdirmək və onları aradan qaldırmaq üçün keçirilir. Əlbəttə, qələbə qələbədir. Ancaq yoxlama oyunlarında nəticə elə də vacib deyil. Bütün diqqətimizi Topaz Premyer Liqasına yönəltməli, daha yaxşı çıxış etməliyik.
- Hazırda “Xəzər Lənkəran”da “vuran ayaq” problemi var. Bir hücumçu kimi, oyunun nəticəsini həll edə biləcək qolları vurmaq baxımından niyə çətinlik çəkirsiniz?
- Bu gün komandada yaxşı hücumçular var. Yeni forvarda ehtiyacımız yoxdur. Sadəcə, top qapı xəttindən keçsə, biz ardıcıl qollarımızı vuracağıq. İndi bu sahədə də çox çalışırıq.
- Baş məşqçi Mustafa Dənizli toplanış çərçivəsində komandada nəyi dəyişməyə çalışır?
- Baş məşqçi komandada çox şeyi dəyişib. Onuna karyerasına diqqət yetirsək, uğurlarını görmək olar. Dənizlinin gəlişindən sonra çempionatda əldə etdiyimiz nəticələr də hansısa dəyişikliklərin baş verdiyindən xəbər verir. Məncə, çempionatın qarşıdakı dövrəsində bunun davamını görəcəyik.
- Komandada irəli xətdə çıxış edə biləcək Etame Mbilla da var. Onunla birgə oynamaq asandır, yoxsa tək hücumçu kimi çıxış etmək?
- Mbilla yaxşı hücumçudur. Onun karyerasına hörmətlə yanaşıram. Hazırda karyerasının yaxşı illərini yaşayır. Ancaq bir və ya iki hücumçu ilə çıxış etməyi mən yox, baş məşqçi seçir. Çalışdırıcının öz taktiki sxemləri var, necə seçəcək, elə də oynayacağıq.