İtaliyanın “Sassuolo” futbol klubunun oyunçusu Françesko Açerbi ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib. Apasport.az saytının məlumatına görə, “Sassuolo” məzuniyyətdən qayıdan kimi futbolçu komanda ilə bir yerdə məşqlərə başlayacaq.
Açerbi xəstəliyi haqqında bunları danışıb: “Bütün bu müddət ərzində azarkeşlərin, komanda yoldaşlarımın və dostlarımın dəstəyi sayəsində gülümsəyə bilirdim. Əgər mənim valideynlərim necə narahatlıq keçirdiyimi görsəydilər, bu hamısından dəhşətli olacaqdı. Onda onlar mənə lazım olan gücü verə bilməyəcəkdilər”.
2013-cü ilin dekabrında keçirilən dopinq testi futbolçuda hormonların səviyyəsinin yüksək olduğunu göstərib. Sonradan məlum olub ki, bu, xərçəng xəstəliyi ilə bağlıdır. Açerbi yenidən müalicə kursu keçib və sağalıb.
Futbolçuda ilk dəfə xərçəng xəstəliyi 2013-cü ilin əvvəlində müəyyən olunub. Açerbi “Sassuolo”ya keçən zaman tibbi baxış zamanı onun xəstəliyi üzə çıxıb. Şiş iyul ayında cərrahiyyə əməliyyatı ilə götürülüb.