Futbolçumuzun klubunda bədbəxt hadisə: 2 nəfər bıçaqlandı
07.02.2014 - 21:43
Futbolçumuzun klubunda bədbəxt hadisə: 2 nəfər bıçaqlandı

Azərbaycan millisinin futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu “Elazığspor” klubunda bədbəxt hadisə baş verib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə Superliqası təmsilçisinin iclasında bıçaqlanma hadisəsi yaşanıb.

 

Belə ki, Elazığ Bələdiyəsinin Mədəniyyət və Konvensiya Mərkəzində keçirilən klubun Fövqəladə Baş Assambleyasında dava düşüb. İdarə heyətinin yeni üzvləri Özcan Doğan, Mücahit Aydəmir və digər adı açıqlanmayan şəxs arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. İnsident zamanı idarə heyətinin yeni üzvləri Doğan və Aydəmir bıçaqlanıb. Xəstəxanaya aparılan hər iki klub rəsmisinin də vəziyyətinin ciddi olduğu deyilir. Adı gizli tutulan digər şəxs isə polis tərəfində saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Gökdəmir yaxın günlərdə Almaniyanın “Hannover” klubundan Türkiyə təmsilçisinə keçib. O, mövsüm sonunadək icarə əsasında yeni komandasının formasını geyəcək.