“Duysburq”a belə hesabla uduzmağımızda qırmızı vərəqənin də rolu oldu. İkinci hissənin əvvəlindən azlıqda qalmağımız almaniyalıların lehinə oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib.
Gürcüstanlı mütəxəssis Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Almaniyanın aşağı dəstə təmsilçisi “Duysburq”dan alınan 1:4 hesablı məğlubiyyətə şərh verib: “Rəqib hazırlığını başa vurmaq üzrədi. Çünki onlar artıq çempionata tam hazırdı və daha sürətli oynaya bilirlər. Bunun da nəticəsində ikinci yarıda üstünlük rəqibin tərəfinə keçdi. Bu matç bizim üçün bir dərs oldu ki, qırmızı vərəqə alıb, komandanı pis vəziyyətdə qoymaq olmaz. Yoxlama oyunu olsa da, belə hərəkətlərə görə cərimələr nəzərdə tutulub”.
Çixradze mövsümün ikinci yarısına hazırlıqları da dəyərləndirib: “Artıq iki yoxlama oyunu keçirmişik. İlk qarşılaşmada Karaqanda “Şaxtyor”unu 3:1 hesabı ilə məğlub etmişdik. Ardınca isə “Duysburq”a uduzduq – 1:4. Hazırlıq prosesini dəyərləndirsək, hər şey plana uyğun şəkildə gedir. Yoxlama oyunlarından əvvəl gündə iki dəfə olmaqla funksional hazırlıq keçdik. İndi isə yoxlama oyunlar ilə hazırlığı davam etdiririk. Müxtəlif variantlarda heyəti sınayırıq. Az oynayan futbolçulara da şans veririk. Optimal heyəti formalaşdırmağa çalışırıq. Yeni oyunçumuz Xuan Alvarado da bizə qoşulub. Onun atası vəfat etdiyindən düşərgəyə bu gecə gəlib. Bu müdafiəçi ilə artıq müqavilə imzalamışıq. Hələ qarşıda 3 oyunumuz da var. Həmin görüşlərdə hazırlıqları tamamlayacağıq”.
Qeyd edək ki, “Duysburq”la oyunda yeganə qolun müəllifi Samir Zərgərov qırmızı vərəqə alaraq, komandasını çətin vəziyyətdə qoyub.