[b]Georgi Çixradze: Rəsmiləşsin, təbrik edərik - MÜSAHİBƏ[/b]
30.03.2014 - 11:14
 [b]Georgi Çixradze: Rəsmiləşsin, təbrik edərik - MÜSAHİBƏ[/b]

"Simurq" klubunun baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyundan sonra müsahibə verib. Apasport.az saytının əməkdaşının suallarını cavablandıran gürcüstanlı mütəxəssis öncə 1:2 hesabı ilə uduzduqları qarşılaşmanı şərh edib.

 

- Səfərdə “Bakı”ya yenildiniz və 6 oyunluq məğlubiyyətsizlik seriyanız başa çatdı. Nəticəni ədalətli saymaq olar?

- Öz səhvlərimizdən uduzduq. İlk yarıda arxa xəttə problem yaşadıq, lazımsız səhvlərə yol verdik və 2 qol buraxdıq. Fasilədən sonra toparlandıq, lakin məğlubiyyətdən qaça bilmədik. Buraxdığımız qollardan yalnız birinin əvəzini çıxa bildik.

 

- Qış fasiləsindən sonra işləriniz yaxşı getsə də, XXI turda evdə “İnter”ə məğlub olmağınız vəziyyəti dəyişdi. İstefanız gündəmdə idi və klub prezidenti sizdən dəyişiklik etməyi tələb etdiyini açıqlamışdı. Hansı tədbirlər gördünüz? Yüksəlişinizin səbəbi nə idi?

- Hər mövsümdə qarşımıza yüksək hədəflər qoyulur. “Simurq” avrokuboklara oynayan komandadır. Lakin cari çempionatda müəyyən problemlərimiz oldu. Bildiyiniz kimi, Zaqatala şəhər stadionu təmirə bağlandığından qış fasiləsinə qədər demək olar ki, səfərdə oynadıq. Məcburiyyətdən rəqiblərimizi Qəbələdə və Bakıda qəbul etdik. Bu isə istər-istəməz nəticələrə təsirini göstərdi. Qış fasiləsində sonra uğursuz matçlarımız oldu, lakin yaxşı oynadığımız, nəticə əldə etdiyimiz duellərdə var. İndi elə alınıb ki, turnir cədvəlinin ortasındayıq.

 

- “Simurq”un avrokuboka düşmək şansını necə dəyərləndirirsiniz?

- Çox çətin olacaq. Avrokuboka vəsiqə qazanmaq baxımından “Bakı” ilə görüş çox önəmli idi. Təəssüf ki, uduzduq. Lakin qarşıda hələ 8 tur var. Hər şey ola bilər.

 

- Avropa Liqasına hansı komandaların vəsiqə qazanacağını söyləmək çətindir. Lakin liderin yeri möhkəmdir. “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik etmək olar?

- “Qarabağ” çempion olacaq. Ancaq düşünürəm ki, bu məsələ rəsmiləşsin, sonra təbrik edərik.

 

- Sonuncu sualımız ikinci yarıda diqqət çəkən bir məqamla bağlıdır. “Bakı”nın qapıçılarla işləyən məşqçisi Zekir Muarem qolkiperiniz Pavel Kapsaya açıq-aşkar mane olurdu. O, qapının arxasında dayanaraq, ona söz atır, psixoloji təzyiq göstərmək istəyirdi ki, bu da qəbul olunmazdır. Yəqin ki, bunu siz də görürdünüz. Nəyə görə “Simurq” düşərgəsində heç kim anında müdaxilə etmədi?

- Bu məsələyə şərh vermək istəmirəm. Lakin düşünürəm ki, bu işə cavabdeh olan şəxslər lazımı ölçü götürəcəklər. Çünki belə hallar baş verməməlidir, qarşısı alınmalıdır.